Azərbaycanda hidroloji stansiyalar avtomatlaşdırılır
Son zamanlar ölkənin əsas su arteriyalarında sululuğun azalması çaylarda hidroloji monitorinqin dəqiq aparılmasının zəruriliyini diqtə edir. Buna görə də çaylarda hidroloji müşahidələr avtomatlaşdırılır.
Bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
Onun sözlərinə görə müşahidə şəbəkəsinin modernləşdirilməsi mövcud vəziyyətin vaxtında və dəqiq qiymətləndirilməsinə imkan verəcək ki, bu da öz növbəsində su sərfinin düzgün planlaşdırılması üçün əsas olacaq:
“Bu məqəsədlə ETSN-nin bütün hidroloji stansiyalarının qısa müddət ərzində ən yeni avadanlıqlarla təchiz edilməsi məsələsi qarşıya qoyulub. Azərbaycanın hidrometeorologiya tarixində ilk dəfə olaraq hidroloji stansiyaların avtomatlaşdırılması aparılır və bu məqsədlə ərazinin coğrafi xüsusiyyətləri, xalq təsərrüfatının müxtəlif sahələri üçün əhəmiyyətliliyi nəzərə alınaraq müxtəlif məntəqələrdə 17 dəst avadanlığın quraşdırılması nəzərdə tutulur”.