“Türkiyə qardaş Azərbaycanın tərəfindədir” – Dövlət Baxçalı
“Ermənistanın Azərbaycanla sərhəddə təxribatları təsadüfi deyil”.
Bunu “Sabah” nəşrinə müsahibəsində Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı deyib.
“İyulun 12-də Azərbaycanın Tovuz rayonu ilə sərhəddə dövlət sərhədini pozmağa cəhd göstərilib. Şübhəsiz ki, hadisənin erməni versiyası yalandır. Unutmaq olmaz ki, Azərbaycanın bu hissəsi enerji daşıyıcılarının ixracı baxımından strateji əhəmiyyət kəsb edir”, – Baxçalı deyib.
Baxçalı xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi artıq on illərdir ki, Ermənistanın işğalı altındadır və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında heç bir irəliləyiş əldə edilməyib.
“Mən erməni tərəfinin təxribatlarını və hücumlarını bir daha qətiyyətlə pisləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın tərəfində olub və olacaq”, – MHP lideri əlavə edib.