Rusiya və İran düşmən ordusunu yanacaqla təmin edir – Bakı etiraz notası təqdim edə bilərmi?
Serbiyanın Gürcüstan üzərindən Ermənistana silah-sürsat ötürülməsi barədə məlumatlar üzə çıxdıqdan sonra Belqradın Bakıdakı təmsilçisi – müvəqqətli işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota təqdim edilib.
Nazir müavini Xələf Xələfov diplomata ikitərəfli münasibətləri, strateji əlaqələri xatırladıb və Azərbaycan ərazilərini atəşə tutan düşmən ölkəyə dəstəyin ikitərəfli münasibətlərə zərbə vurduğunu bildirib.
Məlumdur ki, regionun iki böyük ölkəsi – İran və Rusiya Ermənistanla iqtisadi, siyasi, hərbi əlaqələr saxlayıb. Düşmən ordsunun ərzaq, yanacaq təchizatının əhəmiyyətli hissəsi də bu əlaqələr sayəsində təmin olunur. İyulun 12-dən başlayaraq Tovuz rayonunun dövlət sərhədində Azərbaycan ordusunun mövqeləri, ətraf kəndlər Ermənistan ordsunun intensiv atəşinə məruz qalıb, yüksək rütəbli zabitlər də daxil olmaqla 12 hərbi qulluqçu, iki dinc sakin həlak olub, infrastruktura, fərdi təsərrüfatlara böyük ziyan dəyib.
Rəsmi Bakı bu faktları əsas gətirib düşmən ordsunun təchizatında mühüm rol oynayan İrana və Rusiyaya etiraz bildirməlidirmi?
Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın müxtəlif ölkələrlə iqtisadi, hərbi, siyasi əməkdaşlığı var: “Birindən neft məhsulları, digərindən silah-sursat alır. Əlbəttə, biz məslələri diqqətdə saxlamalıyıq, aydınlaşdırmalıyıq.
Məsələn, Gürcüstan və Serbiya ilə bağlı ortaya çıxan məsələ aydınlıq tələb edir. Rusiya və İran Ermənistanı yanacaqla təmin edirsə, əlbəttə, biz bu ölkələrə nota verə bilmərik. Bizə məlumdur ki, Rusiya və İran Ermənistanın köhnə tərəfdaşlarıdır. Biz onlarla üz-üzə gələ bilmərik”.
Politoloq hesab edir ki, biz öz işimizi görməli, ordumuzu gücləndirməliyik: “Türkiyə hərbi ittifaqımızı möhkəmləndirməliyik. Ermənistanla əməkdaşlıq edən hər ölkəyə nota versək, öz vəziyyətimizi ağırlaşdıra bilərik”.
Keçmiş səfir, politoloq Hikmət Hacızadə isəəksini düşünür. O hesab edir ki, normal halda Azərbaycan Rusiya və İrana etirazını bildirməlidir: “Amma regiondakı vəziyyət hələ ki, Rusiyadan asılıdır. Ona görə də bizimkilər çalışır onlarla münasibəti korlamasınlar. Ümüd edilir ki, Rusiyanı razı salıb Qarabağı qaytaracağıq”.
Politoloq hazırki situasiyada bu niyyətin həyata keçməsinin mümkün olmadığını qeyd edib: “Rusiya heç vaxt Qarabağı bizə verməz. Hər iki tərəfi bu problemdən asılı vəziyyətdə saxlamağa çalışacaq. Rusiya hələ ki güclüdür və Ermənistanın arxasında durub. Rusiya çöksə, vəziyyət dəyişəcək”.(azpolitika.info)