İranlı politoloqlar Tehranın Dağlıq Qarabağ münaqişəsinə olan mövqeyini tənqid etdilər

“İranın siyasəti 1981-ci ildə vəzifəyə başlayan və 16 il xarici işlər naziri olmuş Əli Əkbər Vilayətidən bəri Ermənistana daha yaxın olmaq və Azərbaycana təzyiq göstərmək oldu”.
 Bu sözləri Anadolu Agentliyinə açıqlamasında İranın beynəlxalq münasibətlər sahəsində mütəxəssisi Doktor Fərzad Səmədli deyib. İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi istiqamətində milli maraqlarını nəzərə almadan yürütdüyü etnik mənşəli siyasətinin ziddiyətli davranışlara yol açdığını deyən Səmədli bu vəziyyətdən ən çox İran xalqının zərər gördüyünü bildirib:
“İran idarəçiliyi əhalinin böyük hissəsini təşkil edən, əksəriyyəti şiə məzhəbli və ölkə ticarətini əlində saxlayan türklərin istəyi çərçivəsində və beynəlxalq sazişlərə uyğun olaraq Türkiyə və Pakistan kimi İslam ölkələrinin yolunu tutmalı və Dağlıq Qarabağı işğal edən Ermənistanın bu torpaqların çıxması üçün səy göstərməlidir”, – deyə Səmədli əlavə edib.
İran administrasiyasının zaman-zaman “Azərbaycan Respublikasının ərazi bütüvlüyünə hörmətlə yanaşılmalıdır” şəklində verdiyi açıqlamalara praktikada əməl etmədiyini deyən politoloq rəsmi Tehranın Bakı ilə Təl-Əviv arasındakı dostluq münasibətlərindən narahat olduğunu dilə gətirib.
“Azərbaycanı İsrail idarəçiliyi ilə yaxşı münasibətlər qurması səbəbindən tənqid edən Tehran administrasiyası eyni münasibəti Ermənistana qarşı göstərmir. İran Bakı-Təl-Əviv əlaqələrindən narahat olmaqla yanaşı, Azərbaycanın inkişafı və beləliklə, İran türklərinin bir oryentasiya mərkəzi olma potensialından ötrü narahat olur”.
İranın beynəlxalq əlaqələr üzrə mütəxəssisi və İranın Bakıdakı keçmiş səfiri Doktor Əfşar Süleymani isə Tehran administrasiyasının apardığı Azərbaycan-Ermənistan sülh danışıqlarını isə Rusiyanın baltaladığını söyləyib:
“Ermənistanın Dağlıq Qarabağa hücumu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun səyləri ilə 1994-cü ildə imzalanan atəşkəs sazişinin pozulmasıdır. İran 28 il öncə Bakı-İrəvan arasında görüşlərə ev sahibliyi etdi. Bu müzakirələrin sonunda atəşkəslə bağlı 3 bəyanat yayımlanarkən digər tərəfdən Azərbaycanın Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bu hadisə Rusiyanın işi idi. Çünki Rusiya bu bölgədə əsas güc olmaq istəyirdi. Beləliklə Rusiya İranın vasitəçilik səylərinin boşa çıxmasına səbəb oldu”.
Tehran idarəçiliyinin Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli olduğunu dilə gətirən Süleymani bu münasibətin işğal edilmiş bölgələrin Ermənistan işğalından azad edilməsi mənasına gəldiyini xüsusi vurğulayıb:
“İran Tühran görüşlərindən sonra da Azərbaycana müxtəlif yardımlar edib. Məsələn, Azərbaycan hərbçilərinə təlim keçib və 100 minə yaxın qaçqına sığınacaq verilməsində yardım göstərdi. Bişkek Protokolu və Minsk Qrupunun səyləri ilə atəşkəs sazişindən sonra İran vasitəçilik imkanını itirdi. Bu müzakirələr ABŞ və İranın vasitəçiliyi çərçivəsində davam etdi, lakin nəticə vermədi”.
İranın Azərbaycana kömək etməməkdə ittiham edildiyini deyən Süleymani bu fikirləri işlədib:
“İran yanacaq və qaz verərək Ermənistan iqtisadiyyatının güclənməsinə və beləliklə Dağlıq Qarabağın işğal müddətinin davam etməsinə səbəb olmaq və digər tərəfdən din, dil və mədəniyyət birliyi olan Azərbaycana isə elə də yardım etməməkdə günahlandırılır. İran Ermənistanla turizm sahəsində əməkdaşlıq məsələsində Azərbaycanın mənafeyinə uyğun hərəkət etməliydi, amma belə etmədi. Azərbaycanla Ermənistan arasında girməkdən çəkinən Tehran administrasiyası sadəcə Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsi açıqlamaları ilə özünü xilas edə bilməz. Bu məsələ erməniləri belə narahat edir. Mövcud vəziyyət davam edəcək. Qarabağ problemində əsas ölkə ABŞ və Fransadan öncə Rusiyadır. İran da bu məsələdə heç bir şey edə bilməz. Xəzər Dənizindəki maraqlarını belə qoruya bilməyən Tehran idarəçiliyindən Azərbaycan Respublikasının maraqlarını qoruması gözlənilə bilməz”.(qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password