Xızının bu kəndini məmurlar başdan-ayağa hasarlayıb – FOTOLAR

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Xızı rayonu ilə bağlı maraqlı paylaşım edib.Onun paylaşımını olduğu kimi təqdim edirık:

Xızının Qızılqazma kəndinə getmişdim.

Rayonu keçirsən, Altıağaca gedən yolda ilk sola dönən asfalt yol yoxuşa dolana-dolana təpənin başına qalxır. Ordan ecazkar və geniş bir vadi açılır. Sən demə, gözəllik aşırımdan sonra gəlirmiş.

Qədimdə adamlar ağıllı olublar – yaşamağa gözəl yerlər seçiblər. Ətrafda otlaqlar çox, həm də təhlükəsiz… Ətraf təpələr buranı kəskin dağ küləyindən qoruyur.

Yarımca-Qızılqazma yolu ensiz olsa da, at beli kimidi, elə bil təmirdən yenicə çıxıb. Təpədən vadiyə əyləmli bir yolla gedəndə qarşına ağacdan tikilmiş dəbdəbəli bir ev çıxır. Hiss olunur ki, çoxdan tikilib. Həyətini ot basıb, amma qapısında köhnə “Niva” dayanıb. Sahibi haqqında ev özü danışır: bir zamanlar zəngin olub, sonra müflisləşib. Görünür, hələ tam müflisləşməyib deyə, satmayıb.

Bura kənd yeridir. Amma elə bil kəndi harasa köçürüblər. Gözlərimə inana bilmirəm: hündür qala hasarlar kəndi bir neçə yerə parçalayıb. Özü də hasarlar elə bil bir əldən çıxıb. Əgər buralarda kənd olubsa da, qalıb hasarların içində. Kəndə gələn asfalt yol hündür bir hasara dirənib dayanır. Əgər bu yol bu villaya gəlirsə, onda bu yola niyə “Yarımca-Qızılqazma yolu” deyirlər?!

Kəndin içinə düşən və sonrakı kəndlərə gedən yol yenə də köhnə halında: daş və torpaq. Torpaq yol kəndin mərkəzinə, oradan isə növbəti aşırıma yüksəlir.

Bu villalar, bu hasarlar kimindi, görəsən? Aranızda onları tanıyan varmı? Bəlkə bu insanların o kəndlə, o kənddə yaşayan insanlarla bir düşmənçiliyi var?

Kəndə gəldin, xoş gəldin. Bəs bu sadə insanlarla öz aranda uclatdığın və uzatdığın “Çin səddi” nədir? Bu yolu çəkib öz villana gətirdin, heç olmasa, kəndin içinə gedən yolu da təmir edə bilməzdinmi? Kəndin kənarında o qədər boş yerlər olduğu halda bu hasarlarla kəndi niyə parça-tikə edirsiz? Gəlişiniz burda yaşayan insanları niyə məzlum günə salmalıdır? Niyə onların vəziyyətini (həm də psixoloji) daha da ağırlaşdırmalıdır?!

Biz bunları Bakıda görmüşük: Xəzər az qala boyaboy çəpərlənib. Heç olmasa dağlarımızı rahat buraxın, kəndlərimizi rahat buraxın.

Dağlarda ot biçini yenicə bitmək üzrədir. Biçən kim, yığan kim. Dağ otları dəyib, çiçəkləri solmaq üzrə. Amma qoxusu aləmi bürüyüb. Tər-təmiz qara torpaqları var bu yerlərin, ayaq altında ovxalanır. Mərmərə, qranitə bükməyin…

Xızının bu kəndini məmurlar başdan-ayağa hasarlayıb
Xızının bu kəndini məmurlar başdan-ayağa hasarlayıb
Xızının bu kəndini məmurlar başdan-ayağa hasarlayıb
Xızının bu kəndini məmurlar başdan-ayağa hasarlayıb
Xızının bu kəndini məmurlar başdan-ayağa hasarlayıb

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password