“Erməniləri sevindirməyin” – Nura Suri çağırış etdi

“Xahiş edirəm, rus dilində yazdıqlarınıza diqqət edin. Öz həmvətənlərimizi pisləməyin, hətta pis olsalar belə. Rusiya şou-biznesinə hələ təzəlikcə, son bir neçə ildə bizim ifaçılar daxil ola biliblər, orada qəbul olunublar. Hər zaman ermənilər və gürcülər orda at oynadıblar.

Müslüm Maqomayevdən sonra uzun müddət azərbaycanlılar orada qəbul olunmayıb. Emin Ağalarov əlindən gələni etdi ki, bizimkilərə yol açılsın”.

Bu sözləri müğənni Nura Suri deyib.

Tanınmış sənətçi Rusiyada yaşayan sənətçilərimizin Ermənistanın Azərbaycana təcavüzkar siyasətinə biganə qalmaqda ittiham olunmasına münasibət bildirib:

“Bu, bizim sülhsevərliyimizin nümunəsidir. Biz heç kəsin torpağına girməmişik, işğal etməmişik. Biz heç kəslə düşmənçilik aparmırıq. Bizim torpaqlar işğal altındadır və bizim torpaqlara hücumlar davam edir.

Demək istədiyim odur ki, bir az dərin düşünün. Anında reaksiya verməyin. Situasiyanı təhlil etməyi öyrənin və bunu təmkinlə edin. 4-5 nəfər Rusiya şou-biznesində məşhurlarımız var. Onları da gözdən salmayın. Pisdilərsə də bizimkidirlər, yaxşıdırlarsa da bizimkidirlər. Onlar orada özbaşlarına deyillər, Emin Ağalarovla müqavilələri var.

Emin situasiyani analiz edib, Prezidentin çıxışını təhlil etdikdən sonra paylaşımlara icazə verib. Bunu özü dedi. Xahiş edirəm etməyin, küsdürməyin, erməniləri sevindirməyin.

Xəyyam vətənpərvər insandır, bunu bilirəm. Onlar öz aralarında həll edəcəklər. Düşünürəm ki, barışıb bir olacaqlar. Biz bir olmalıyıq. “Ayır və idarə et“ fikrinə dəstək olmayın. “Güc birlikdədir” fikrinə dəstək olun!”

Xatırladaq ki, müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlıları tənqid etmişdi. Sənətçi onların şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınamışdı:

“Heç kəsdən qorxacaq yerim yoxdur. Çünki Azərbaycan Respublikasının vətəndaşıyam, bununla hər zaman fəxr etmişəm. Çalışdığım qədər bütün dünyada ölkəmi təbliğ edirəm. Amma çox heyif ki, mənim Rusiyada və dünyada tanınan həmkarlarım bu gün susublar. Heç bir paylaşım etmirlər. Niyə? Kimdən qorxursunuz, çəkinirsiniz? Mən də 20 ildir Rusiyanın paytaxtında çalışıram. Orada ermənilərlə üz-üzə gəlirəm. Amma heç bir zaman mövqeyimi dəyişmirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password