Rusiya telekanalının erməni baş redaktoru Paşinyanı rüsvay etdi
Rusiyanın RT telekanalının və “Russia Today” beynəlxalq xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan sosial şəbəkələri İrəvana qarşı qəzəbli statusu ilə təəccübləndirib.
Simonyan deyib ki, Ermənistan hakimiyyətinin “İnternet qoşunları” Ermənistan-Azərbaycan sərhədində iyulun 12-də yaranmış gərginliklə bağlı ondan aqressiv formada mövqe bildirməyi tələb ediblər.
O, bu müraciəti “həmin şəxslərə” cavab olaraq yazdığını deyib.
Beləliklə, Simonyan statusunda İrəvanın özünə kənardan baxmağı tövsiyə edib: “Nə etdiyinizə, özünüzü necə apardığınıza baxın”.
“Rusiyadan uzun illər aldığınız yaxşılıq və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir.
Rusiyanın daimi müttəfiqi olan Robert Köçəryanı yalnız siyasi qisasa görə məqsədyönlü şəkildə, bilərəkdən həbs etdiniz və bununla da “rus dostlarınızın” üzünə tüpürdünüz. Çünki bu, Ermənistanın daxili işidir.
Ölkənizdəki anti-Rusiya QHT-ləri ilə Rusiya hökumətini necə devirmək haqda gənclərin beynini doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin poliqonuna çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir.
Siz erməni millətindən olan rusiyalı iş adamlarını qovdunuz. Rusiya ilə əlaqəli heç nə istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir.
Media və sosial şəbəkələriniz hər saat Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də rusiyalı ermənilərə (məsələn, mənə) ləkə yaxır” deyə Simonyan yazıb.
Baş redaktorun sözlərinə görə, indi Ermənistan sərhəddində müharibə olanda, Paşinyan rejiminin mövcudluğunun təhlükə altında olduğu bir vaxtda, hakimiyyət Rusiyanın onları yenidən xilas etməli olduğunu xatırladıb.
“Bu, Ermənistanın daxili işi deyilmi?
Son illər Rusiya üçün göstərdiyiniz bütün pis və məzlum nifrətdən sonra informasiya qoşunlarınız və özünüz kömək gözləməyi düzgün hesab edirsiniz?
Əslində, etdiklərinizdən sonra Rusiyanın sizə tüpürmək və əzmək üçün hər cür mənəvi haqqı var” deyə baş redaktor bildirib.
Sonda Simonyan qeyd edib: “Və hər iki tərəfə müharibə haqqında yalnız bir şeyi deyirəm: durun! Müharibədən daha pis heç nə yoxdur. Bunu öz təcrübəmdə bilirəm. Hələ gec deyil, dayanın”.
Bu statusdan sonra rusiyalı sosial media istifadəçiləri Marqaritanı dəstəkləyib: “Gözlənilməz”, “Marqaritanın nadir layiqli çıxışlarından biri”, “Bir vaxtlar belə yaxşı film var idi: “Yaxşı olanda ayrılaq”, “Marqonu bu hala gətirdilər. Marqarita, eşq olsun”.
Ermənistanlı istifadəçilər isə ona qəzəblərini yağdırıblar: “Ən yaxşısı siz yenə də susardınız”, “O, Ermənistanı öz vətəni kimi tanımır”, “Siz Ermənistanı öz doğma Vətəniniz hesab etmirsiniz. Hazırda ona təhlükə yaranıb, ürəyiniz isə ağrımır”, “Marqarita, soyadınızı dəyişdirsəydiniz, yaxşı olardı” və s.(konkret.az)