GENERAL POLAD HƏŞİMOV CÖVHƏR DUDAYEV KİMİ ÖLDÜRÜLÜB? – Sensasiyalı açıqlamalar

Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olması barədə danışıb. O, LAF.TV-yə açıqlamasında bildirib ki, bu çox ciddi hadisədir və Ali Baş Komandan bu məsələni elə-belə qoymayacaq.

Y.Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: “Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.

Bununla yanaşı Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. “Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir…”

“Polad Həşimov unikal zabit idi”, – deyən Y.Aydəmirov vurğulayıb ki, Azərbaycanda ordusunda belə generallar çoxdur.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhərə yaxın Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz general Yaşar Aydəmirovun fikirlərini şərh edib. “General Aydəmirovun dediyindən belə güman etmək olar ki, mərhum general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası peyk ailəsinin üzvü olan qonşu ölkələrin peyklərinin köməyi ilə izlənib”, – mütəxəssis bildirib.

Onun sözlərinə görə, düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub: “Yeri gəlmişkən, maraqlıdır, görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub? Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların koordinatlarını müəyyən ediblər və bu koordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib”.

Osman Gündüz qeyd edib ki, peyklə koordinat müəyyən edib, həmin kordinata zərbə endirmək bir an məsələsidir. “Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Xatırlayıram ki, məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin koordinata atılan raket zərbəsi ilə öldürmüşdü.

General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki , hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir”, – deyə ekspert vurğulayıb.(azpolitika.info)


Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password