Britaniya parlamentində “Ermənistanın Azərbaycana qarşı aqressiyası”nı qınamaq təklifi irəli sürülüb

Böyük Britaniyanın İcmalar Palatasının dörd qanunvericisi parlamentə rəsmi təklif irəli sürüb. Təklifdə “Ermənistanın 2020-ci ilin iyulun 12-də gecə yarısında həyata keçirdiyi təcavüz aktının Ermənistanla Azərbaycan arasındakı silhalı münaqişənin eskalasiyasına səbəb olduğu” qeyd edilir.

Təklifi Mühafizəkarlar Partiyasından Bob Blekmen, Martin Vikers, Cim Şannon və Leyboristlər Partiyasından Con MakDonnel imzalayıb.

“Bu münaqişənin kökləri Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun nəzarəti ələ keçirməsində dayanır. Bu, 1990-cı illərin əvvəlində 30 min insanın ölümü və 1 milyondan çox insanın evlərindən didərgin düşməsinə səbəb olub,” təklifdə bildirilib.

Qanunvericilər həmçinin İcmalar Palatasının Birləşmiş Krallıq hökümətini Ermənistanın son addımlarını qınamağa çağırdığını bildirib. Qeyd olunub ki, bu addımlar sülh prosesinə ciddi əngəl törədir və beynəlxalq qanunu, habelə 1994-cü ildə imzalanan atəşkəs razılığını pozur.

“Bundan əlacə Palata bildirir ki, Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən və ağır silahların cəlb olunduğu hərbi toqquşma beynəlxalq qanunun və 1994-cü ildə imzalanan atəşkəsin kobud şəkildə pozulmasıdır və sülh prosesində irəliləyişin olmasına ciddi maneə törədir.”

Təklifdə həmçinin qeyd edilib ki, İcmalar Palatası Birləşmiş Krallıq hökümətinin ATƏT-in Misk Qrupunu hazırkı hərbi vəziyətin irimiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün hərtərəfli təhqiqat aparmağa dair çağırışı dəstəkləməsini zəruri hesab edir.

“Və nəhayət İcmalar Palatası Birləşmiş Krallıq hökümətini Ermənistan hərbi qüvvələrinin BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına çağırmağa çağırır,” təklifdə yazılıb.

Cümə axşamı Xarici İşlər Naziri təyin edilən Ceyhun Bayramovu videoformatda qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanı Azərbaycanın “strateji investoru” adlandırıb.

“Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var,” deyə Prezident Əliyev ölkəsinin BP enerji şirkəti ilə tərəfdaşlığını da vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password