İlham Əliyev: “Bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik”

“Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar.

Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olmuş, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir”.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda yer alıb.

Dövlət başçısı bildirib ki, iyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdir:

“Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır.

Azərbaycan Ordusu bu təxribata layiqli cavab vermişdir. Şəhidlərimizin qisası alınmışdır. Onların qanı yerdə qalmamışdır, bundan sonra da qalmayacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password