Mətbuat Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat yayıb
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması Azərbaycan mediasına, ümumən ölkəmizin informasiya məkanına təsirsiz ötüşməyib.
Belə ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimiz cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirib və yetirməkdədir. Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verir, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olurlar.
Bu barədə Mətbuat Şurasından verilən məlumatda bildirilib : “Ancaq təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir.
Azərbaycan Mətbuat Şurası bütün KİV-ləri, media, jurnalistlik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri durumun ciddiliyini nəzərə almağa çağırır. Bunun üçünsə rəsmi məlumatlara istinad mütləqdir.
Jurnalistlər ictimai fikir daşıyıcılarıdırlar və sosial şəbəkələrdə kifayət qədər izləyiciyə malik olduqlarından, yaydıqları bilgi cəmiyyətdə dəqiq informasiya kimi qarşılanır. Hər bir media təmsilçisi bu amili ciddi şəkildə nəzərə almalıdır. Həmkarlarımız daxil olan bilgilərə şübhəli yanaşmalı, dəqiqləşdirmələr aparmalı, elə mövqe tutmalıdırlar ki, paylaşımları çaşqınlıq, qeyri-müəyyənlik yaratmasın. Azərbaycan Mətbuat Şurasının gözləntisi budur.
Onu da bildirməliyik ki, erməni xüsusi xidmət orqanlarının təmsilçiləri müxtəlif sosial şəbəkə profillərində cəbhədəki vəziyyətlə əlaqədar həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. Bəzən bu fikirlər azərbaycanlı adı daşıyan profillər vasitəsilə yayılır. Bilməyərəkdən, hisslərə qapılaraq bu paylaşımlara istinad edən KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində diqqət yetirilməli cəhətlər də meydana çıxa bilər. Jurnalistlər bunu da düşünməlidirlər.
Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq bir daha kütləvi informasiya vasitələrinə, ümumən jurnalistlərə müraciət edərək onları yaranmış durumun həssaslığını peşə prinsipləri baxımından qiymətləndirməyə, operativ informasiya vermək istəklərini dəqiqlik tələbilə uyğunlaşdırmağa çağırır”.