“Ayasofya ilə bağlı qərarı türk milləti verib” – Ərdoğan
“Ayasofyanın statusu ilə bağlı son qərarı başqaları deyil, türk milləti verib və digər ölkələr bu qərara hörmətlə yanaşmalıdırlar”.
Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya məbədinin muzey statusundan çıxarılaraq məscid olaraq istifadəyə verilməsi barədə qərara Qərb ölkələrinin etirazlarına münasibət bildirərkən söyləyib.
Türkiyə Prezidenti bildirib ki, Türkiyənin Dövlət İşləri üzrə Məhkəməsinin (Danıştay) Ayasofya ilə bağlı qərarını hüquq dövləti adına müsbət addım olaraq qiymətləndirir: “Ayasofya Fatih Sultan Mehmet Xanın İstanbulu fəth edərkən ilk cümə namazını qıldığı və fəth rəmzi olaraq məscidə çevirdiyi bir yerdir. Buna görə onun yaddaşımızda yeri əvəzedilməzdir. Ayasofyanın 1934-cü ildə məsciddən muzeyə çevrilməsi millətimiz üçün ağrılı bir qərar idi və ona görə Ayasofya orijinal məscid halına qayıtmalı idi. Danıştay qərar verənə qədər ölkə daxilindən və xaricdən edilən narazılıqların da bizim üçün heç bir dəyəri olmadı. Bu, ölkəmizin daxili işidir”.
Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Ayasofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.
Türkiyə Prezidenti avqustun 24-də Ayasofyada ilk namazın qılınacağını bildirib.