Polis nəzarəti altında orduya çağırış və xidmətdən yayınan 15 min gənc
Ermənistanda hərbi xidmətə yay çağırışına nəzarət məqsədilə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşlarının cəlb edilməsinə baxmayaraq, gözlənilən nəticəni əldə etmək mümkün olmayıb. Əvvəllər olduğu kimi yenə də rüşvətxorluq və korrupsiya halları geniş yayılıb.
Qeyd edək ki, iyulun 1-dən Ermənistanda müddətli hərbi xidmətə növbəti yay çağırışı başlayıb. İlk baxışda burada qəribə bir hal yoxdur. Amma komissarlıqların ətrafında polis patrullarının keşik çəkməsi işdə böyük əmmanın olduğu göstərir. Belə ki, “təcili yardım xidmətlərinin göstərilməsi” adı altında ölkənin bütün komissarlıqlarının qarşısında polis postları qurulub. Hüquq-mühafizə orqanları nümayəndələrinin ən çox olduğu yer Müdafiə Nazirliyinin respublika qərargahının ətrafıdır.
Bundan hiddətlənən erməni sosial şəbəkə istifadəçiləri çağırışa nəzarət üçün bu qədər polis qüvvələrin cəlb olunmasına nə dərəcədə ehtiyacın olduğu barədə suallar verirlər. Rəsmi qurumlar bu suallara cavab verməkdən yayınır. Ona görə də sosial şəbəkə istifadəçiləri özləri sualları cavablandırırlar və əksəriyyətin fikri ondan ibarətdir ki, buna heç bir ehtiyac yoxdur! Baş verənlərin isə qısa və lakonik izahı var: Ermənistan əhalisi yerli hakimiyyət orqanlarının özbaşınalığından və hazırda baş nazir Nikol Paşinyanın idarə etdiyi Nazirlər Kabinetinin məntiqsiz siyasətindən bezib.
Ermənistanda kasıb ailələrin övladlarını Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş hərbi hissələrə xidmətə göndərirlər. Ermənistan silahlı qüvvələri isə qoşunların təmas xəttində çoxsaylı itkilər verir. Ona görə də valideynlər bütün mümkün üsullarla öz övladlarını orduda xidmət etməkdən yayındırmağa çalışırlar. Xidmətin aparılması üçün zəruri məişət və xidmət şəraitinin olmadığını görən valideynlər kimlərinsə ambisiyalarına görə övladlarının həyatını riskə atmaq və Azərbaycan Ordusunun güllələri altına göndərmək istəmirlər.
İşğalçı ölkədə orduya çağırışla bağlı problemləri saymaqla bitməz. Məsələn, yoxsulluq və işsizliyə görə Ermənistan əhalisinin kütləvi şəkildə vətənlərini tərk etdikləri heç kimə sirr deyil. Təbii ki, qazanc və normal yaşamaq ardınca ölkədən qaçanlar arasında erməni gənclər üstünlük təşkil edir. Bu da Ermənistanda orduya kifayət qədər çağırışçının cəlb edilməsinə imkan vermir və dövləti çıxılmaz duruma salır.
Milli Statistika Komitəsinin rəsmi məlumatına görə, aprelin 1-ə kimi Ermənistan əhalisinin sayı üç milyondan az olub. Lakin, bu rəqəmlər xeyli şişirdilib, çünki ölkədə doğuş sayının azalması və boşanma sayının artması şəraitində demoqrafik vəziyyət kritik həddə çatıb.
Komitənin digər hesabatına görə, əhalinin bu ilki say göstəricisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 5200 nəfər azalıb. Bununla yanaşı, yanvar-mart aylarında ölkədə cəmi 7 578 uşaq doğulub ki, bu da 2019-cu ilin eyni dövründən 374 nəfər azdır. Qeyd etmək lazımdır ki, doğum sayının azalması fonunda, ölkədə boşanma sayının artması müşahidə olunur. Belə ki, eyni müddətdə ölkədə cəmi 3 468 nikah qeydə alınıb ki, bu da 2019-cu ilin həmin dövründən 314 azdır, boşanmaların sayı 43 artaraq, ölkə üzrə 893 təşkil edib.
Lakin sözün əsl mənasında hamının ölkədən qaçmaq imkanı yoxdur. Çağırışçısı olan ailələr iki pis variantdan birini seçir: valideynlər borca pul alaraq, övladlarını orduya çağırışdan saxlamağa çalışırlar. Hərbi mükəlləfiyyətdən boyun qaçırmanın qiyməti ölkə üzrə 17 000 ABŞ dolları təşkil edir, bu da ölkə əhalisinin əksəriyyəti üçün əlçatmaz rəqəmdir. Bununla belə, Dağlıq Qarabağ ərazisində və ya Azərbaycanla sərhəd zonasında xidmətdən yayınmanın həcmi onsuz da kasıb valideynlərə 5 000 ABŞ dollara başa gəlir.
Yadda saxlamaq lazımdır ki, 27 yaşa çatmış və orduda xidmətdən yayındığına görə 15 mindən çox Ermənistan vətəndaşı hazırda beynəlxalq axtarışdadır. Ermənistan parlamentinin deputatı Andranik Köçəryanın fikrincə, orduda xidmət kişilər üçün şərəf olmalıdır. Vətəndaşlar öz oğullarının dünyaya gəlməzdən əvvəl onların ölkə xaricinə necə aparılmasını fikirləşməməlidir. Xatırladaq ki, məhz A. Köçəryanın özü “Təyin edilmiş qaydaya zidd olaraq məcburi hərbi xidməti keçməyən vətəndaşlar haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edən komissiyanın sədridir. Dəyişiklik layihəsinə əsasən (qanun ilə nəzərdə tutulan müddətlər ildən-ilə uzadılır), 27 yaşa çatmış, lakin məcburi hərbi xidməti keçməyən vətəndaşlar 14,8 milyon dram (29,6 min ABŞ dollar) ödəyərək cinayət məsuliyyətdən azad oluna bilərlər.
Həmişəki kimi, Ermənistanda bu çağırış da qalmaqalsız keçməyib. Belə ki, sosial şəbəkələrin erməni seqmenti çoxsaylı faktlar barədə hekayələrlə doludur: xidmət yerinin “xoşbəxt təsadüflük” üçün rüşvət verilməsi və fiziki sağlamlığında problemi olan şəxslərin orduya çağırılması ilə bağlı.
Sosial şəbəkə istifadəçilərinin narazılığına digər səbəb ölkə ərazisində koronavirus infeksiyasının sürətlə yayıldığı, xəstələrin sayı üzrə region dövlətləri arasında bütün antirekordları təzələdiyi vaxtda Ermənistan Müdafiə Nazirliyinin təhlükəsizlik tədbirlərinə riayət edilməsinə formal yanaşmasıdır. Sosial şəbəkələrin qəzəbli istifadəçiləri karantin rejiminin tələblərinə nəzarətə səhlənkar yanaşmasında hərbi qurumu və şəxsən müdafiə naziri David Tonoyanı təqsirləndirirlər.
Hərbçilərin öz vəzifə borclarının icrasına formal və səhlənkar yanaşması, çağırışçıların sağlamlığına etinasızlığı şəraitində hərbi qurumun qayda-qanunun təminatı üçün polis qüvvələrinin cəlb etməyinin səbəbi aydın olur.
Erməni cəmiyyətində hazırda hökm sürən ab-hava aşağıdakı nəticələrə gəlməyə imkan verir:
– İnsanlar “Ermənistan” adlı formal dövlət törəməsinin yoxsul əhalisinin yaşayış tərzindən əhəmiyyətli dərəcədə fərqlənən yaşam tərzi sürən siyasətçilərin şəxsi ambisiyalarını öz uşaqlarının ömürləri hesabına ödəməkdən beziblər;
– Çağırışçı çatışmazlığı ilə bağlı yaranan vəziyyətin ildən-ilə pisləşməsi artıq aydın görünür;
– Konstruktiv siyasətin olmaması, mübahisəli ambisiyalar, qonşu dövlətlərə qarşı ərazi iddiaları, vaxtilə çiçəklənən respublikanı asılılıq və ümidsiz mövcudiyyəti hər il daha çox uçuruma aparır;
– Cəlb olunan polis qüvvələri öz uşaqlarını Dağlıq Qarabağ ərazisində ölüm riskindən qoruyan valideynlərin düşüncəsini dəyişməyə məcbur edə bilməz. Bu səbəbdən, yaşam və ölüm arasında seçim edən erməni çağırışçılar, çağırış məntəqələrinə gəlməyərək, birmənalı şəkildə “yaşam”ı seçirlər.
Bununla yanaşı, çağırışçıların əhval-ruhiyyəsinə bilavasitə təsir edən digər amil də var. Bu, “Qarabağ” ermənilərinin “İrəvan” ermənilərinə olan ədavətidir. Lakin bu amil daha dərindən təhlil edilməlidir.
Hazırda erməni çağırışçıların valideynlərinə möcüzəni arzulayırıq, çünki yalnız möcüzə onların oğullarını evlərinə dəmir tabutda qayıtmaqdan və ya ömrünün sonuna qədər əlil arabasında keçirməkdən xilas edə bilər.(mediapost)