“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub
Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan həqiqətləri ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha artıq ifşa etməkdədir.
Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgəyə və bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.
1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal öz əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa, hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi.
2020-ci il iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bir daha bu məsələlərə cəlb etdi: “İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün”, – deyərək alimlərimizə çağırış etdi.
Yeni Azərbaycan Partiyasından (YAP) bildiriblər ki, bu çağırışa cavab olaraq YAP-ın layihəsi kimi bu günlərdə “Elm və təhsil” nəşriyyatında tədqiqatçı alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub. Kitabda Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş 953 toponimin – oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in soydaşlarımızın sonuncu (1988-ci il) deportasiyasına qədərki ərazi inzibati bölgüsü – rayonları üzrə qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsindən hər rayona uyğun görüntülər verilib.
Kitaba daxil edilmiş toponimlər hər bir toponimin “köhnə adı”, “yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə ilə bağlı Ermənistan SSR Ali Soveti Fərmanının tarixi) xanaları üzrə qruplaşdırılıb. Bu özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur.
Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan toponimlərinin ermənilər tərəfindən dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət yetirilib. Müəllif belə prinsiplərdən on birini müəyyən edib və konkret nümunələrlə fikrini əsaslandırıb.
Kitab geniş oxucu kütləsi və mütəxəssislər üçün nəzərdə tutulub.