Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazir müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə Şəxsi Heyət Baş İdarsinin bir qrup zabiti ön xətdə yerləşən bölmələrdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçirilən görüşlərdə Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı irəli sürdüyü tələbləri diqqətə çatdıran nazir müavini şəxsi heyətlə döyüş, mənəvi-psixoloji və fiziki hazırlıq, həmçinin hərbi nizam-intizam məsələlərini müzakirə edib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində döyüş qabiliyyətinin artması, şəxsi heyətin vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlığının xeyli yüksəlməsini bildirən nazir müavini orduda ideoloji işin daha da gücləndirilməsini xüsusi vurğulayıb.
Silah, hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi, ictimai-siyasi hazırlıq üzrə nəzəri və praktiki dərslərin keyfiyyətlə keçirilməsi, aparılan fərdi və kollektiv tərbiyə işinin gücləndirilməsi, dostluq mühitinin daha da möhkəmləndirilməsi, düşmənə nifrət hissinin daim aşılanmasının vacibliyi, təşəbbüskarlığın həvəsləndirilməsi, şəxsi heyətin sağlamlığına xüsusi diqqət göstərilməsi, eləcə də Müdafiə nazirinin digər tapşırıqları şəxsi heyətə bir daha xatırlanıb.
Görüşlərdə intensiv döyüş hazırlığının daha da artırılması, gecə və gündüz təlim və məşqlərin keçirilməsi, günün nizam qaydalarına, döyüş növbətçiliyinin tələblərinə ciddi riayət edilməsi ilə bağlı Müdafiə nazirinin tapşırıqları da şəxsi heyətin diqqətinə çatdırılıb.