Yol polisindən sərt karantin rejimində hərəkətə nəzarətlə bağlı açıqlama

“Sərt karantin rejimi elan olunan ərazilərdə hərəkətə nəzarət gücləndirilib”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O qeyd edib ki, karantin rejimi tətbiq edilən ərazilərdəki postlar xidməti zərurətlə əlaqədar qurulub. Amma postun olub-olmamasından aslı olmayaraq, bəzi sərtləşdirmələrlə bağlı şənbə və bazar günlərində də təkcə postlarda yox, marşrutlarda da naryadların sayı artırılıb, xidmət gücləndirilib. Yəni, həm daxili işlər orqanlarının əməkdaşlarından, həm də Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar gücləndirilimiş iş rejimində xidmət aparırlar. Hərəkətin intensiv olduğu yol və yaxud, məhəllələrarası yollardan asılı olmayaraq, bütün ərazilərdə – sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 16 inzibati ərazidə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir. Ona görə də əhalidən xahiş edirik ki, tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət etsinlər, müvafiq icazələri olmadan və zərurət yaranmadan yaşadıqları və ya olduqları evləri tərk etməsinlər.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməyən vətəndaşların qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunacaqlarını diqqətə çatdıran K.Əliyev deyib: “Yeri gəlmişkən, bir daha xatırladırıq ki, artıq həm karantin rejiminin pozulmasına, həm də karantin rejimi müddətində tibbi maskalardan istifadə edilməməsinə görə inzibati məsuliyyət artırılıb. Birinci növbədə tövsiyəmiz odur ki, insanlar özlərinin, yaxınlarının, doğmalarının və digər vətəndaşların sağlamlığını düşünsünlər. Bunu düşünməyən şəxslər ən azından tətbiq ediləcək cərimənin məbləğinin daha yüksək olmasını nəzərə alsınlar. Yəni, düşünməsinlər ki, karantin rejiminin bu tələblərinin pozulması təkcə cərimə ilə nəticələnir. Çünki bir daha qeyd edirik və vətəndaşlarımız da şahidi olurlar ki, karantin rejiminin pozulmasına səbəb olan bəzi hallarda hətta həmin şəxslər haqqında inzibati həbs cəzası da verilir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password