Həbs olunan bank sədrinin xaricdə əmlakları üzə çıxdı
Bir neçə gün öncə həbs edilməsi ilə bağlı xəbər verdiyimiz “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov barəsində yeni detallar üzə çıxıb.
Məlumata əsasən, N.İsmayılov Böyük Britaniyanın paytaxtı Londonda bir neçə obyekt, eləcə də 8 milyon funt sterlinq (17 milyon AZN) dəyərində villanın sahibidir.
ASC sədrinin İstanbulda da bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir.
Daxil olan məlumata əsasən, N.İsmayılov Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir.
Bildirilir ki, bank rəhbəri Milli Məclisin keçmiş sədri Oqtay Əsədova yaxın insandır. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararaq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa kömək edib.
ASC sədrinin sabiq baş prokuror Zakir Qaralovla da yaxın münasibətləri üzə çıxıb. Belə ki, N.İsmayılov eks-baş prokurora məxsus “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq ona xaricdə əmlak əldə etməyə kömək edib.
Bildirilir ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilməsinə və haqqında çoxsaylı şikayətlərin olmasına, eləcə də maliyyə yeyintilərinə baxmayaraq, bu müddətdə bank sədrinin fəaliyyətinin araşdırılmamasına səbəb məhz onun Z.Qaralovla yaxın münasibətləri olub.(unikal.org)