XİN-də ƏMƏLİYYAT: “Nazirin övladları milyonlarla dolları hardan tapıblar?”
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Xarici İşlər Nazirliyində əməliyyat keçirib.
Belə ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
DTX-nin saytında aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir.
Maraqlıdır, bu əməliyyatın keçirilməsi səbəbi və nəticəsi nə ola bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında burada iki ayrı məsələ olduğunu deyib:
“Biri nazirin öz fəaliyyəti, digəri də maliyyə məsələlərində keçirilən yoxlamalar və həbslər. Siyasi məsələyə gəldikdə, təbii ki, Xarici İşlər nazirinin fəaliyyətindən razı deyiləm. Hər zaman da onun fəaliyyətini tənqid etmişəm. Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif açıqlamaları olub ki, bizi qane etməyib. Son olaraq erməni həmkarı ilə onlayn konfransda virusun yayılması məsələsini müzakirə edib. Halbuki bu məsələnin bizə aidiyyatı yoxdur, biz ermənilərdən torpaqlarımızı tələb etməliyik. Eyni zamanda ermənilər, münaqişəsinin həlli bir yana, Şuşanı, Laçını, Kəlbəcəri məskunlaşdırırlar. Burada müəssisələr tikirlər. Halbuki o ərazilər boşaldılmalıdır. Biz bu məsələni sərt şəkildə həmsədrlərin qarşısında qoya bilmirik. Burada da Xarici İşlər nazirinin dişsiz fəaliyyətini vurğulamaq olar”.
E.Şahinoğlu vurğulayıb ki, XİN rəhbəri onunla bağlı yayılan xəbərlərə birbaşa aydınlıq gətirməlidir:
“Son aparılan yoxlamalara və həbslərə gəldikdə isə ola bilər ki, bu, maliyyə fırıldaqları ilə bağlıdır. Çünki Xarici İşlər Nazirliyi hansısa ölkələrdə obyektlər alır, onlardan istifadə edir, işə qəbul zamanı maliyyə fırıldaqlarına yol verilə bilərdilər. Nazirin özü ilə bağlı da müəyyən xəbərlər yayıldı ki, iki övladı Nyu-Yorkda çox bahalı evlər alıb. Bu məsələyə də faktiki olaraq aydınlıq gətirilmədi ki, nazirin övladlarının fabriki, müəssisəsi yoxdur, onlar milyonlarla dolları hardan tapıblar? Ümumiyyətlə, Xarici İşlər nazirinin iki övladının ABŞ-da yaşamasının özü də müharibə şəraitində olan Azərbaycan üçün yanlış yanaşmadır. Başqa keçmiş və indiki nazirlərin də övladlarının xaircdə olması haqqında xəbərlər eşidirik. Bu da tənqid olunmalıdır. Amma müharibə şəraitində olan bir ölkənin Xarici İşlər nazirinin iki övladının xaricdə yaşaması, ev, vətəndaşlıq alması heç cür başa düşülmür. Xarici İşlər naziri dövlət və milli maraqlar naminə çalışmalıdır. Amma onun öz övladları ölkədə yaşamaq istəmirlərsə, bunun özü də nazirə qarşı da suallar yaradır. Nazirin özü bu məsələlərə aydınlıq gətirməlidir”. (cebhe.info)