“Sahibkarlara 500 milyon manatlıq yeni kredit portfeli ayrılacaq” – Elnur Allahverdiyev

“Qlobal pandemiya reallığında milli iqtisadiyyatların nə zaman işə düşəcəyi və dövlətlərarası iqtisadi münasibətlərin tam bərpa olunacağını proqnozlaşdırmaq olduqca çətindir. COVID-19 virusu artıq bütün dünyanı əhatə edir və ikinci dalğa təhlükəsi aktuallığını saxlayır. Deməli, yerli biznes və milli sahibkar zərərdə qalmaqda davam edəcək və dövlətin müdaxiləsinə ehtiyac duyacaq. Bu baxımdan, hökumətin sahibkarlara yardım məqsədilə hazırladığı növbəti dəstək paketinin ciddi önəmi var”.

Bu sözləri koronavirus pandemiyası ilə əlaqədar yaranmış iqtisadi vəziyyəti şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, Nazirlər Kabinetinin Tədbirlər Planına əsasən, 1 iyuladək İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 28851 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117529 fərdi və ya mikro sahibkar müraciət edib. Bu, bütövlükdə 146380 vergi ödəyicisi edir. 28851 vergi ödəyicisinə dair təsdiq edilmiş müraciət üzrə maliyyə dəstəyinin həcmi 97,5 milyon manat, o cümlədən ikinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsait 48,75 milyon manat təşkil edir:

“Bildiyiniz kimi, bu vəsaitin ödənilməsi prosesi həyata keçirilir. İqtisadiyyat Nazirliyinin bu günə olan məlumatına görə, 24273 vergi ödəyicisinə 210653 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 95,14 milyon manat, ikinci ay üzrə ödənilmiş vəsaitin məbləği isə 46,93 milyon manatdır”.

E.Allahverdiyevin sözlərinə görə, dəstək üçün fərdi sahibkarlar tərəfindən 117529 müraciət daxil olub və onlardan 110079-u araşdırılaraq təsdiqlənib və maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

“Təsdiq edilmiş müraciətlər üzrə maliyyə vəsaiti 63,16 milyon manat təşkil edir. Bu vəsaitin 62,98 milyon manatı artıq hesablara köçürülüb. Yəni 105638 fərdi sahibkar dövlət dəstəyindən yararlanıb,” – deyə millət vəkili bildirib.

Deputatın verdiyi məlumata görə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə daha bir dəstək paketinin ayrılacağı gözlənilir. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, 500 milyon manatlıq yeni kredit portfeli üzrə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur:

“Burada iki məqama xüsusi diqqət yetirmək lazımdır. Birincisi, biznes kreditlərinə dövlət zəmanəti və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqi tarixi addımdır. Çünki COVID-19-dan zərər çəkmiş sferaların dirçəlməsi, bərpası və artımına kömək olacaq. İkincisi isə, bu mexanizm girov qoya bilməyən biznes təmsilçiləri üçün investisiya layihələrinin icrasında dəstək olacaq” – deyə millət vəkili bildirib.

E.Allahverdiyev deyib ki, kreditlərin verilməsində bir sıra şərtlərə riayət etmək vacibdir:

“Şərtlər təbii ki, olmalıdır. Məsələn, dövlət zəmanətli kreditlər zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlara verilir. Yaxud, mexanizm müddəti üç ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Kreditin müddəti 12 aydan artıq olmamalıdır, məbləği isə üç milyondan çox ola bilməz. Zəmanət Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları vasitəsilə verilir. Bunu bilməmiz çox vacibdir: dövlət tərəfindən yaradılmış maliyyə institutları və fondlarının resursları hesabına ödənilən güzəştli kreditlərə zəmanət və subsidiya verilməyəcək”.

E.Allahverdiyevin fikrincə, dövlətin həyata keçirdiyi dəstək proqramı ümumdünya maliyyə böhranı şəraitində atılmış cəsarətli addımdır. Ancaq bir çoxlarımız bu yardımla bütün problemlərimizin həll olunacağını düşünür və arxayınlaşırıq.

“Bilirsiniz, gəlin etiraf edək ki, heç bir ehtiyat tükənməz deyil, o cümlədən də, dövlət vəsaiti. Dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə institutlarından yardım istədiyi bir vaxtda Azərbaycanın nəinki kömək üçün müraciət etməməsi, habelə milli iqtisadiyyatı daxili imkanları hesabına bərpa etmək cəhdləri tədqirəlayiqdir və alqışlanmalıdır. Azərbaycanda dövlət vətəndaşın qarşısında məsuliyyətini tam hiss edir və adekvat addımlar atır.

Tez-tez xüsusilə sosial şəbəkələr vasitəsilə bəzi şəxslər populist çıxışlar və çağırışlar edir. Məsələn, dövlət hər bir vətəndaşa filan qədər birbaşa maddi yardım etməlidir. Belə bəyanatları real vəziyyət və imkanlardan xəbərsiz olan adamlar verir, onların qarşıdakı dövrə dair səhih təsəvvürləri yoxdur. İlin sonunadək bizi nələr gözləyir, dünya bazarında hansı hadisələr baş verəcək, enerji daşıyıcılarının qiyməti necə tənzimlənəcək, COVID-19 pandemiyasını cilovlamaq mümkün olacaqmı? Bu suallara cavab vermək çox çətindir, ona görə də dövlət dəstək proqramlarını icra etməklə yanaşı, ehtiyatı da əldən verməməli, sabahkı günü düşünməlidir” – deyə E.Allahverdiyev vurğulayıb. (oxu.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password