Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib
İyulun 2-də Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisdən bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.
Videokonfrans iştirakçılarını salamlayan spiker S.Qafarova pandemiya dövrünün tələblərinə uyğun olaraq, AŞPA-nın onlayn tədbirlərində davamlı olaraq iştirak edən nümayəndə heyətinin üzvlərinə ölkəmizin reallıqları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla bu ümumi platformadan daha fəal və səmərəli istifadə etməyi tövsiyə edib. O, nümayəndə heyətimizin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, bundan sonra da səylərini əsirgəməyəcəklərinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizlə təşkilat arasında münasibətlərin indiki səviyyəsi barədə fikirlərini bölüşərək beynəlxalq təşkilatlardakı parlament nümayəndə heyətləri qarşısında duran vəzifələrin dövlətimizin milli maraqlarına uyğun şəkildə həyata keçiriləcəyinə inamını ifadə edib. Hikmət Hacıyev xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin gündəmində saxlanılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması istiqamətində deputatların yüksək fəallıq göstərməsinin hücum diplomatiyamıza mühüm töhfələr verəcəyini bildirib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov rəhbərlik etdiyi ofisin fəaliyyəti ilə bağlı məlumat verib.
Daha sonra görüş nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun nümayəndə heyətinin üzvləri ilə gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi şəklində davam edib.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov iştirak ediblər.