Putinin Rusiya tarixində qırdığı rekord və ölkəni gözləyən böyük təhlükələr…

“Putin Rusiya imperiyasının rekordunu təzələyir”.
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu bu gün Rusiyada keçirilən Konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan danışarkən deyib. Onun sözlərinə görə, konstitusiyada bir çox dəyişiklik nəzərdə tutulub:

 

“Ancaq Rusiya və dünya ictimaiyyətini dəyişikliklərdə sadəcə bir bənd düşündürür. Həmin bənd Rusiyanın hazırki prezidenti Vladimir Putinə 2024-cü ildən sonra da Kremlə sahib olmaq imkanı verəcək. Hazırkı Konstitusiyaya görə, Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. Yeni Konstitisiyaya görə isə Vladimir Putin 2036-cı ilə qədər Rusiyaya başçılıq etmək imkanı qazanacaq. Rusiyada referendum böyük ehtimalla prezident Vladimir Putinin xeyrinə nəticələnəcək və o, əlavə olaraq 16 il də Kremldə oturacaq. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Putini əvvəlcə 1999-cu ildə baş nazir, sonra isə öz yerinə təyin etdi. O illərdə Putin siyasi və ekspert dairələrində çox da tanınmırdı və onun ali kürsüdə müvəqqəti fiqur olduğu düşünülürdü. Putinin ulduzu ikinci Çeçenistan müharibəsində parladı. Çeçen mücahidlərin 1999-ci ildə Dağıstana hücum etməsi o zaman baş nazir olan Putini hərəkətə gətirdi. Putin faktiki dağılmış ordunu səfərbər edərək Dağıstanda topladı və döyüşlər nəticəsində çeçen mücahidələr Çeçenistana sıxışdırıldı. Ancaq Putinə bu az idi. O özünə gələn Rusiya ordusunun Çeçenistana hücum əmrini verdi. İkinci Çeçenistan müharibəsi xeyli dağıntılara və itkilərə səbəb oldu. Ancaq nəticədə Putin deyən oldu və Çeçenistan ram edilərək yenidən Rusiyanın tərkibinə qaytarıldı”.
Politoloq bildirib ki, Çeçenistanın ram edilməsi Vladimir Putinə 2000-ci ildə prezident seçkisində qələbəni təmin etdi:
“Putin bu müddətdə prezident kürsüsünü sadəcə 4 illiyinə dostu Dmitri Medvedyevə təhvil verdi. Buna baxmayaraq, Putin 4 illik baş nazirliyi dövründə də faktiki ölkənin sahibi sayılırdı. Misal üçün Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsində Putinin birbaşa rolu var idi. Medvedyev zəif fiqur hesab edilirdi. Elə buna görə Medvedyev 4 ildən sonra ikinci dəfə namizədliyini irəli sürməyərək ali kürsünü dostuna qaytardı. Putin faktiki 20 ildir
hakimiyyətdədir, bunun üstünə növbəti 16 il də əlavə etsək, bu 36 il olacaq. Rusiyanın və SSRİ-nin tarixində heç bir şəxs bu müddətdə hakimiyyətdə olmayıb. Putin yenə rekorda doğru irəriləmək istəyir. Çeçenistanın rəhbəri Ramzan Kadırovun “Putin ömürlük prezident olsun” fikri yeni deyil. O, bir neçə dəfə bu təklifini səsləndirib. Belə baxanda 36 il prezidentlik elə ömürlük hakimiyyətdə qalmaq deməkdir. Kadırovun açıqlamasında Rusiya üçün başqa təhlükə var. O, açıqlamasında belə bir cümlə işlədib: “Rusiyada Putini əvəz edəcək şəxs yoxdur””.
Elxan Şahinoğlu deyir ki, məsələyə Kadırovun məntiqi ilə yanaşsaq, bir gün Putin hansısa səbəbdən olmasa, Rusiyanı böyük təhlükələr gözləyəcək:
“Bu yanaşma Çeçenistana da aiddir. Ramzan Kadırov Putinlə dostdur və ona tabedir. Ancaq gələcəkdə Kremldə Putin yox, bir başqası otursa, Kadırov ona tabe olacaqmı? Rusiyada idarəetmə oturuşmuş sistemə deyil, şəxsi sədaqətə bağlıdır. Bu isə Rusiya üçün gələcəkdə böyük təhlükələr vəd edir”.(qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password