BNA tibbi maskadan istifadə ilə bağlı əlavə tədbirlər görür
Avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün əlavə tədbirlər həyata keçirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
“Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş 34 məntəqədə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət edilir, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılaraq maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.
Son bir neçə gün ərzində həyata keçirilən intensiv nəzarət tədbirləri artıq müsbət nəticələr verməkdədir. Aparılan müşahidələr onu göstərir ki, avtobuslarda tibbi maskadan istifadə edənlərin sayında ciddi artım müşahidə edilir və sərnişinlərimizin məsuliyyət hissi ilə qaydalara riayət etməsi təqdirəlayiqdir.
Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.
Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür”, – deyə qurum bəyan edib.