Rusiyada referendum başlayıb – Səsvermə koronavirusa görə bir həftə əvvələ çəkilib
İyunun 25-də Rusiyada konstitusiya islahatları üzrə səsvermə başlanıb. Bu dəyişikliklər Prezident Vladimir Putinin idarəçiliyini daha 12 il uzada bilər.
Bu gündən Rusiyanın Uzaq Şərq federal rayonundakı 14 administrativ regionun hamısında səsvermə məntəqələri açılıb. Səsvermə məntəqələrinin bir həftəərzində açıq saxlanmasında məqsəd iyulun 1-də ümumxalq səsverməsi günü kütləviliyin qarşısını almaqdır. Rusiya digər ölkələr kimi koronavirusa yoluxmaların artmasını önləməyə çalışır. Səsvermə artıq səhiyyə rəsmilərinin narahatlığına səbəb olub. Belə ki, gündəlik yoluxmalar 7 mindən aşağı düşmür.
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK verdiyi məlumata görə, iyunun 25-dən 30-a kimi Moskva və Nijeqorod vilayətinin sakinləri üçün həm də elektron məsafəli səsvermə imkanı yaradılıb.
Ümumxalq səsverməsi Rusiyada iyulun 1-nə təyin olunub, lakin ölkə əhalisi artıq iyunun 25-dən səsvermədə iştirak etmək imkanı əldə edib. Bunun üçün vətəndaşlardan heç bir ərizə yazmaq tələb olunmur, onların seçki məntəqələrinə gəlməsi və səs vermək arzusunda olduğunu bildirməsi kifayətdir.
MSK sədri Ella Panfilova bütün ölkə üzrə 96,5 mindən çox seçki məntəqəsinin açılacağını söyləyib. Moskvada 3600-dən çox məntəqə fəaliyyət göstərəcək.
Moskva və Nijeqorod vilayəti sakinləri iyunun 25-dən 30-a kimi konstitusiyaya dəyişikliklərlə bağlı öz mövqeyini elektron məsafəsi səsvermə ilə ifadə edə biləcək. Elektron səsvermədə iştirak etmək üçün vətəndaşların iyunun 5-dən 21-ə kimi dövlət xidməti və ya mos.ru portalına ərizə təqdim etməsi tələb olunur.
Qeyd edək ki, Rusiyada ölkə konstitusiyasına dəyişikliklərlə bağlı referendum iyul ayının 1-də keçiriləcək. Koronavirus pandemiyasına görə, bu ilin aprelin 22-də keçirilməsi planlaşdırılan ümumxalq səsverməsinin vaxtı dəyişdirilib.
Seçicilərin yarıdan çoxu konstitusiyaya dəyişiklikləri dəstəkləyərsə, onlar təsdiqlənmiş sayılacaq. Bu halda Putinin prezidentlik müddəti 2024-cü ildə bitəndən sonra da daha iki altı illik ardıcıl müddətə prezident ola biləcək.
İyunun 24-də Moskvada 2-ci Dünya müharibəsində nasist Almaniyasının məğlub edilməsinin 75 illiyi münasibətilə hərbi parad keçirilib. Rusiyada indiyədək 600 mindən çox yoluxma qeydə alınıb. Ölü sayının 8 min 500-dən artıq olduğu deyilsə də, real rəqəmlərin daha yüksək olduğu güman edilir.(azadliq.org)