Bakıda bu evlərin qiyməti kəskin bahalaşdı

Dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar sərhədlərin bağlanması, o cümlədən, ölkə ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi səbəbindən rayonlara gediş-gəlişin məhdudlaşdırılması Bakıda həyət evlərinə tələbatı yüksəldib. Nəticədə paytaxtda həm həyət, həm də bağ evlərinin satış və kirayə qiymətləri kəskin artıb.

Ən çox tələbat Mərdəkan, Şüvəlan, Buzovna, Fatmayi, Bilgəh, Novxanıda yerləşən bağ evlərinədir. Bu ərazilərdə 2- 3 mərtəbəli lüks villaların üç aylıq kirayə qiyməti 20-25 min manatadək yüksəlir. Nisbətən ucuz bağ evləri isə Fatmayi kəndindədir. Bu ərazidə iki mərtəbəli, yığcam bağ evlərinin aylıq kirayəsi 6-8 min manata təklif olunur. Əmlakçıların sözlərinə görə, qiymətə təsir edən əsas amil bağın dənizə yaxınlığı, həyətyanı sahənin genişliyi, hovuzun, idman zalının olmasıdır.

Bağ evlərinin satışı isə dənizə yaxınlığı və digər üstünlüklərindən asılı olaraq 200 min manatdan başlayır və bir neçə milyonadək davam edir. Məsələn, Bilgəh qəsəbəsində 160 sot torpaq sahəsi olan 2 mərtəbəli malikanənin qiyməti 17 milyon manatdır. Elə həmin qəsəbədə 1,2 hektar ərazidə tikilmiş 2 mərtəbəli, 20 otaqlı malikanə 10 milyon manata satışa çıxarılıb.

“Mart ayından bəri bağ və həyət evlərinin qiymətlərində artım var. Əvvəllər də bu mövsümdə aylıq kirayə və satış qiyməti yüksəlirdi, amma bu il qiymət artımı martdan bəri davam edir. Çox güman ki, qiymətlərdəki artım virus epidemiyası bitənədək davam edəcək. Çünki bağ evləri o qədər də çox deyil, amma bu evlərə tələbat, müraciətlərin sayı həddindən artıq çoxdur. Hamı isti yay günlərində özünütəcridi təmiz havada keçirməyə çalışır”,- Abşeron rayonu ərazisində daşınmaz əmlak satışı ilə məşğul olan Müslüm İsayev deyir.

Əmlakçı bildirir ki, bu il ötən illərdən fərqli olaraq Saray, Türkan, Hövsan qəsəbələrində də həyət evlərinə tələbat artıb.

Həftə sonları evdən çıxma qadağasının tətbiqi də bağ evlərinin günlük kirayəsini aktuallaşdırıb. Əmlakçıların sözlərinə görə,adi halda aylıq kirayəsi 300 manat olan həyət evlərinin qiyməti hazırda günlük 200-250 manata çatıb. Şənbə və bazar günləri üçün iki günlük orta kirayə qiyməti 400-500 manat civarındadır. Lakin əmlakçılar günlük kirayənin ev sahibinə sərfəli olmadığını və belə evlərin çox çətin tapıldığını deyirlər.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il daşınmaz əmlakın kirayə və satışında qiymət artımını mütəxəssislər də təsdiqləyirlər. Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının bildirdiyinə görə, artım təxminən 10-15 faiz aralığındadır:

“Xaricə çıxış imkanları məhdudlaşdıqca, insanlar istirahət üçün daha çox yerli turizm məkanlarına müraciət etməli olurlar. İndiki halda isə Bakıda və Abşeron yarmadasında yaşayan insanların daha çox müraciət etdikləri ərazi dənizkənarı ərazilərdir. Ona görə də qiymət artımları var və həm də kəskindir. Ötən ilin müvafiq dövrünün göstəricilərilə müqayisədə əmlak satışı və kirayəsi bazarında 10-15 faiz artım qeydə alınır”.

Aylıq kirayəsi 20 min manatı ötən lüks villaların kirayənişinlərinin kimliyinə gəlincə isə, ekspert bildirir ki…

“Azərbaycanda əmək haqqı ilə insanların gəlirlərini ölçmək düzgün deyil. Elə insanlar var ki, dövlət qulluğunda çalışırlar, aldıqları əmək haqqı ilə gəlirləri arasında fərq 3-5 dəfəyə yaxındır. Bakıda da kifayət qədər imkanlı şəxslər var və onların arasında sahibkarlar, müxtəlif vəzifələrdə işləyən insanlar var. Bu tələb də əsasən həmin şəxslər tərəfindən formalaşdırılır”, – Ramil Osmanlı qeyd edib.

Ekspert qiymət artımının davam edəcəyi ilə bağlı ehtimalara da münasibət bildirib. Onun sözlərinə görə, bu artım daha çox mövsümlə bağlıdır və qəsa müddətlidir. Təqribən avqust ayının sonlarınadək davam edə bilər. Amma karantin tədbirləri davam etdirilərsə, ikinci dalğa olarsa, yenidən tələb öz qüvvəsində qalacaq. Amma bu zaman qiymətlər indiki yay mövsümündə olduğu kimi olmayacaq.(virtualaz.org)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password