Devalvasiyaya hazırlıq gedir – Qubad İbadoğlu
Mərkəzi Bankın əhali tərəfindən xarici valyutanın alınması qaydalarını sərtləşdirmək qərarı devalvasiyaya hazırlıq getdiyini açıq şəkildə nümayiş etdirir.
Bu barədə açıqlamasında tanınmış iqtisadçı Qubad İbadoğlu deyib.
“Eyni zamanda, Mərkəzi Bank pandemiyadan sonrakı dövrdə valyuta axınının qarşısını alır. Bu qərar xarici sərmayələrin cəlb olunmasının qarşısını alacaq və gözlənilən kapital və əmlak amnistiyasına müdaxilə edəcək. Təbii ki, Mərkəzi Bank qərarı ilə qara bazara kömək edir”, deyə Qubad İbadoğlu bildirib.
Onun fikrincə, bu qərar iqtisadi mənfəət üçün hazırlanmayıb, hakimiyyətin siyasi maraqlarına uyğundur.
“Əsas məqsəd banklarının hüdudlarından kənarda qalan valyutanı müəyyənləşdirmək, onları vergiyə cəlb etmək və valyuta sahiblərinə nəzarət etməkdir. Yenə də burada siyasət iqtisadiyyatdan qabaqdadır. Bu addımlarla iqtisadiyyatı boğacaqlar”, deyə Qubad İbadoğlu bildirib.
Xatırladaq ki, Mərkəzi Bank əhalinin kommersiya banklarında dollar alışı qaydalarını sərtləşdirib.
Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi təlimatlara görə, bu gündən etibarən 500 dollardan çox alış-veriş edənlərdən özləri, valyutanın haradan əldə edildiyi mənbəyi və hara xərclənəcəyi barədə məlumat verilməlidir.
20 min manatdan çox ekvivalenti valyuta alan şəxs Maliyyə Monitorinqi Xidmətinin nəzarəti altına düşəcək. Vətəndaş bu vəsaitlərin mənbələrini göstərən bir sənəd təqdim etməlidir. Əgər mənbəyi göstərə bilmirsə, bu şəxs 14%-lik vergi ödəyiciləri kateqoriyasına düşür.(gununsesi.org)