“TANAP sayəsində Türkiyə bazarında mövqeyimiz möhkəmləndi” – Ekspert

Bu ilin iyunun 30-da Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanmasının 2 ili tamam olur.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP rəsmilərinin məlumatına görə, bu il iyunun 30-u tarixinə kəmərlə nəql olunan qazın həcmi 6 mlrd. kubmetr olacaq. Ümumilikdə, kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd kubmetr təşkil edir. Bu həcmin 6 mlrd kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd kubmetri isə Avropaya nəql ediləcək.

TANAP-ın həm Azərbaycan, həm Türkiyə, həm də Avropa üçün rolunu dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, TANAP böyük Xəzər qazının böyük bazarlara çıxışı yolunda inqilabi addım idi.

Ekspert TANAP-ın tarixinə və layihənin reallaşdırılması üçün görülən işlərə də nəzər salıb: “TANAP-la bağlı məlumat ilk dəfə 2011-ci ilin oktyabr ayında STAR zavodunun təməlqoyma mərasimindən sonra verildi. Məlumatda qeyd edilirdi ki, Azərbaycan və Türkiyə birgə magistral qaz kəməri çəkmək haqqında qərara gəliblər. Həmin vaxt kəmərin adı yox idi. Noyabr ayının ortasında isə ilk dəfə olaraq SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədə bir konfransda çıxışı zamanı kəmərin adını açıqladı: Trans-Anadolu Boru Kəməri (TANAP). 2011-ci il dekabrın sonunda isə Azərbaycan və Türkiyənin energetika Nazirlikləri iki ölkə arasında boru kəmərinin çəkilməsinə dair Memorandum imzaladılar. 2012-ci ilin iyununda kommersiya sazişi imzalandı. Azərbaycan qazı Avropanın təklifi ilə “Nabucco” boru kəməri ilə Avropaya ixrac olunmalı idi. Bu müddətdə Azərbaycan gördü ki, istər həcm, istər siyasi, istərsə də iqtisadi baxımdan nə qədər dəstək versə də, bu layihə irəli addım atıb layihədən kommersiya sazişinə və tikinti mərhələsinə keçid edə bilmədi. Buna görə də Azərbaycan Prezidentinin və Türkiyə rəhbərliyinin birgə səyləri nəticəsində iki ölkə arasında Xəzər qazının nəqlinə dair əvvəlcə siyasi razılaşma, sonra hökumətlərarası razılaşma, daha sonra isə SOCAR və BOTAŞ arasında kommersiya sazişi gerçəkləşdi. TANAP olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə olmazdı. TANAP Cənub Qaz Dəhlizinin əsas seqmentidir”.

İ. Şabanın fikrincə, TANAP olmasaydı, “Şahdəniz 2” layihəsinin reallaşması gecikəcəkdi, nəticədə Azərbaycan qazının Avropaya nəqli 2024-2025-ci illərə qədər uzanacaqdı: “Hətta indiki şəraitdə bu vaxtı da demək çətin olardı. Bu baxımdan TANAP böyük Xəzər qazının böyük bazarlara çıxışı yolunda inqilabi addım idi. 2015-ci ildə neft qiymətlərinin kəskin aşağı düşməsi, şirkətlərin kapital xərclərini azaltması şəraitində bu layihə çərçivəsində fiziki işlərə başlanıldı. 1850 km-lik bu cür fantastik layihə heç 30 ay çəkmədi ki, fiziki baxımdan reallaşdı. 2018-ci ilin iyunun 30-da artıq ilk kommersiya qazı Türkiyəyə nəql olundu. TANAP-ın icraçı direktoru Saltuk Düzyolun qeyd etdiyi kimi, 2020-ci ilin 30 iyun tarixinə TANAP-la Türkiyəyə nəql olunan qazın həcmi 6 mlrd. kubmetrə çatacaq”.

Ekspert onu da qeyd edib ki, TANAP sayəsində Türkiyə bazarında satılan Azərbaycan qazının payı artıb. Onun sözlərinə görə, TANAP sayəsində Azərbaycan Türkiyə bazarında 2020-ci ildə öz mövqelərini kifayət qədər möhkəmləndirib.

“2007-ci ildə Azərbaycan regional bazarlara – Gürcüstan və Türkiyəyə qaz nəqlinə başladıqda cəmi 1,8 mlrd. kubmetr qaz ixrac olunurdu. Daha sonra nəql həcmləri artmağa başladı. TANAP istifadəyə verilənədək Azərbaycan qazı Türkiyə bazarına Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql olunurdu. Bu kəmər vasitəsilə nəql olunan qazın illik həcmi 6-6,5 mlrd. kubmetr arasındadır. TANAP imkan verdi ki, Türkiyə bazarında əlavə həcmdə qaz sataq. Bu il Azərbaycan qaz ixracını təxminən 15 mlrd. kubmetrə çatdıra bilər. Bu Azərbaycanın qısa müddətdə fantastik uğurudur. Bu ilin beş ayının göstəricisinə görə, Azərbaycanın ümumi ixracında təbii qazın payı 15%-ə qədərdir.  Keçən il bu göstərici 10%, ondan əvvəlki il isə 5-6% idi. Azərbaycanın qaz ixracının həcmi 25 mlrd kubmetrə çatanda ümumi ixracda təbii qazın payı 25-30% olacaq”, – deyə İ. Şaban vurğulayıb.

O həmçinin bildirib ki, qaz Azərbaycanın XXI əsrdə neftdən sonra ixracında ona gəlir gətirəcək bir əmtəəyə çevriləcək. O əlavə edib ki, buna imkan verən vasitə kimi isə TANAP əvəzsizdir: “O olmasaydı, qaz ixracı da böyük həcmdə olmayacaqdı, ixracdan əldə olunan gəlirlər də böyük məbləğ təşkil etməyəcək”. (apa)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password