Sabah Ermənistanda konstitusiya çevrilişi gözlənilir
Ermənistanda konstitusiya quruluşunun devrilməsinə hazırlıq görülür.
Bu barədə Ermənistanın tanınmış vəkili Amram Makinyan “Facebook” səhifəsində yazıb.
“Qanunverici orqanda məhkəmə hakimiyyətinin səlahiyyətlərinin qismən dayandırılması qanunsuz və konstitusiya quruluşunun devrilməsinə cəhddir. Bu cinayət tərkibli proses sükutla izlənir”, – o yazıb.
Qeyd edək ki, “168 jam” qəzeti yazıb ki, hakim “Mənim addımım” blokundan olan 88 deputat parlamentdə ölkənin Əsas Qanununa dəyişikliklə bağlı qanunu qəbul etməklə konstitusion devriliş edəcəklər: “Parlamentin deputatları Konstitusiya Məhkəməsinin razılığı olmadan Əsas Qanuna dəyişikliyi iki oxunuşda sabah qəbul edəcək. Bununla da Konstitusiya Məhkəməsinin səlahiyyətləri dayandırılacaq”.
Xatırladaq ki, Ermənistan parlamentinin 132 üzvü var. Onlardan 88-i hakim Mənim Addımım Partiyasının təmsilçiləridir. Parlamentdə Çiçəklənən Ermənistanın 25, İşıqlı Ermənistanın isə 17 deputatı var. Bir deputat isə bitərəfdir. Müxalifət təmsilçiləri iyunun 23-də keçiriləcək parlament müzakirəsində iştirak etməyəcəklərini bildiriblər.
Cari ilin fevralında Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqqında qanun layihəsi təsdiqlənib.
Qeyd edək ki, aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsinin əvvəlki hakimiyyətdən qalan hakimlərin səlahiyyətlərinin dayandırılması ilə bağlı mövcud Əsas Qanuna dəyişiklik edilməsi üçün referendumun keçirilməsi planlaşdırılmışdı. Ümumxalq səsverməsinə çıxarılacaq layihə hakimlərə 70 yaşadək, hər birində 6 il müddətinə 2 dəfə Konstitusiya Məhkəməsinə üzv seçilmək hüququ veriləcək. Ancaq koronavirusla bağlı yaranmış vəziyyət referendumun qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub.
Mütəxəssislər hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb məsələni parlamentdə həll etməyə üstünlük verib. Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək.(report.az)