Abşeronda “JEK” müdiri həbs edilib – Nə baş verir?
“Xəbərlər yayıldı ki, Abşeron rayon İcra Hakimiyyətində əməliyyat aparılıb. Bu xəbəri diqqətlə izləyənlər gördülər ki, tədricən xəbərlərin yayılması dayandırıldı və Abşeron Rayon İcra Hakimiyyəti heç bir əməliyyatın olmaması barədə məlumat yaydı. Bunun özü indiyə qədər görünməmiş bir hal idi. Prokurorluq 9 saat bundan əvvəl məlumat yaydı ki, bu barədə dəqiq məlumat veriləcək. Ancaq hələ də susurlar. Zənnimcə qüvvələrin toqquşması gedir. “Kim kimi?!” söhbətinə oxşadı. Dəqiq bildiyim məlumat odur ki, bir “JEK” müdiri həbs edilib, rayonun baş memarı Akif Əliyev dindirilib və buraxılıb”.
Bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, Akif Əliyevin pul məsələsində səlahiyyətsiz olduğunu hamı bilir: “Bundan bir neçə ay əvvəl rayonun icra başçısının cinayət əməlini konkret faktlarla göstərib ölkənin hüquq mühafizə orqanlarına ünvanlamışdım. İradə Gülməmmədovanın qanunsuzluğunun Prezidentin Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin və işçilərinin də bildiyini faktlarla və konkret adlarla yazmışdım. Bu günə qədər heç bir xəbər yoxdur. Bir neçə saat əvvəl yazıdığım statusa olan şərhləri izləyənlər başçının qanunsuzluqlarını, cinayətlərini görməmiş olmazlar. Uzun müddətdir ki, korrupsiyaya qarşı ölkədə aparılan mübarizəni dəstəkləyir və onun davamlı olacağı təqdirdə vətəndaşların hakimiyyətə inanacaqlarını, gələcək işlərində dəstək olacaqlarını bildirirdim. Xüsusilə qeyd etmişdim ki, icra başçılarının həbsi klan, tayfa davasına oxşamamalı və kampaniya xarakteri daşımamalıdır. Belə olacağı təqdirdə hakimiyyətin olan-qalan nüfuzunu da itirəcəyini deyirdim. İndi deyəsən vəziyyət ona oxşayır. Bəzi seçilmişlər toxunulmaz olaraq qalırlar. Bundan başqa Baş Prokurorluğun belə ürkək addımları ona olan inamı sarsıdacağına şübhə etmirəm. Bununla bağlı bir epizodu hamıya xatırlatmaq istəyirəm. 1992-ci ildə Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov təsadüfən Daxili İşlər naziri vəzifəsini tutan Tahir Məmmədovu vəzifəsində azad etdi və yerinə peşəkar, Ukraynada vilayət polis idarəsinin rəisi işləmiş general Nürəddin Yusifovu təyin etdi. Az sonra AXC rəhbərlərinin təzyiqi nəticəsində Y.Məmmədov qərarını ləğv etdi. Bunu efirdən eşidən kimi yanımda olanlara dedim ki, bu Y.Məmmədovun sonudur. Elə də oldu. İndi əgər Kamran Əliyev apardığı əməliyyatda ardıcıl olmasa bu onun da sonu olacaq və Prokurorluğa onsuz da qalmayan hörmət sıfıra enəcək”(konkret.az)