Paşinyan təxribatçı açıqlamaları ilə danışıqların formatını dağıdır – Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edib.

 

Aktualinfo.org AzərTac-a istinadən xəbər verir ki, H.Hacıyev bildirib:

“2019-cu ilin oktyabr ayında Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Aşqabad Zirvə Toplantısında Prezident İlham Əliyev faşist Qaregin Njde ilə bağlı Ermənistanın siyasətini ifşa edib. Toplantı zamanı Ermənistanın baş naziri N.Paşinyan isterik şəkildə faşist Q.Njdeni müdafiə etməyə çalışmaqla özünü gülünc vəziyyətə salıb.

Daha sonra N.Paşinyan 2020-ci ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında Ermənistanın, dünya erməniliyinin və beynəlxalq ictimaiyyətin gözü qarşısında Prezident İlham Əliyev tərəfindən tamamilə darmadağın olunaraq utanc vəziyyətə düşüb.

Bunun ardınca N.Paşinyanın Q.Njde kimi öz faşist babasını təbliğ etməsi də ifşa olunub.

Ermənistanın baş naziri bu zərbələrdən özünə gəlməmiş 2020-ci il iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında növbəti biabırçılıqla üzləşdi. Prezident İlham Əliyevin faktlara əsaslanan mövqeyinə cavab verməyə cəhd edən N.Paşinyan videokonfransda çaşqınlıq yaradan, istehza ilə qarşılanan erməni dilində danışığı və gülüş doğuran ingilis dili ilə yadda qaldı.

Onun iddiaları Prezident İlham Əliyev tərəfindən təmkinli, eyni zamanda tutarlı və qəti şəkildə təkrarən cavablandırıldı. Prezident İlham Əliyev Fransanın Orli hava limanında terror törədən Varujan Karapetyanın Ermənistana ekstradisiya edilməsi və qəhrəmanlaşdırılması faktını qeyd edərək Ermənistanın rasizm, terrorizm kimi məsələlərdə danışmamalı olduğunu bildirdi.

Bundan başqa, videokonfransa maska ilə qatılan yeganə dövlət başçısı olan N.Paşinyan bununla özünü məsxərəyə qoydu. Bu da onu göstərir ki, N.Paşinyanın koronavirusa yoluxması barədə dedikləri növbəti populizmdir.

Yerevan küçələri ilə beynəlxalq tədbirləri qarışıq salan və hər dəfə özünü biabır edən Ermənistanın baş naziri öz uğursuzluğuna haqq qazandırmaq üçün yenə də Azərbaycana qarşı ittihamlar irəli sürərək populist məzmunlu çıxış edib.

N.Paşinyan hazırda çarəsiz durumdadr. O, faktiki olaraq Ermənistanda inqilabi diktatura qurub. Müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbs edilməsi, hər hansı əks fikir söyləyən şəxslərin susdurulması və şantaj edilməsi, müxalifət nümayəndəsinin həbsdə ölməsi Ermənistanda geniş yayılmaqda olan praktikadır.

Onun koronavirusa qarşı apardığı mübarizənin iflasa uğraması göz qabağındadır. Çaşqın vəziyyətə düşən N.Paşinyan ölkədaxili istehlak üçün bir-birinin ardınca təxribatçı və ziddiyyətli açıqlamalar verir.

N.Paşinyan bu cür təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, danışıqların formatı dəyişdirilə bilməz. N.Paşinyanın iddia etdiyi kimi, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin 2019-cu ilin oktyabr ayında Valday toplantısında vurğuladığı kimi, “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan özünün işğal olunmuş bütün torpaqlarını Ermənistanın işğalından azad edəcək və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcək.

Vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə şəxsən N.Paşinyanın üzərinə düşür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password