Mənsum İbrahimov: “Evdə qalmaq aparata qoşulub tavana baxmaqdan daha yaxşıdır”
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Ciddi karantin rejimi 21 iyundan, 5 iyula qədər bir sıra şəhər və rayonlarında tətbiq olunacaq.
Xalq artisti Mənsum İbrahimov yenidən karantin rejiminin tətbiq edilməsini vacib addım kimi qiymətləndirib:
“Bu qərar düzgün qərardır. Hamının bildiyi kimi, vəziyyət çox ciddidir, təhlükəyə doğru gedirik. Vaxtında hamı çağırış etdi, mən də çağırışlara qoşulmuşdum. Əvvəllər böyük əksəriyyət virusun olduğuna inanmırdı ki, tanıdığımız adam yoxdur. Amma bu gün hamımızın virusa yoluxan tanıdığı var. Artıq hamımızın ətrafında belə insanlar var. Şəxsən mənim ətrafımda bir neçə nəfər öz dostlarımdan var. Bundan heç kəs sığortalanmayıb, təhlükə yaxınımızdadır. Artıq dövlət də bunu gördü. Karantin rejimi elan edilməsi çox vacib addım idi, çünki bu cür davam etsə, aqibətimiz İtaliya kimi kritik ola bilərdi, insanlar kütləvi surətdə ölə bilərdi. Dövlətimiz vaxtında bu addımı atdı. Hər kəs kimi mən də zərurət olmadıqca çölə çıxmıram, özümü və ətrafdakı insanları qoruyuram. Bu virusdan yalnız təcrid olunaraq, sosial izolyasiyanı qoruyaraq qurtulmaq mümkündür, başqa cür yolu yoxdur. Çünki bunun dərmanı da yoxdur. O baxımdan dövlətin 14 günlük karantin rejimi elan etməsini yüksək qiymətləndirirəm. Bu addım atılmalı idi, çünki ötən həftə iki günlük karantin rejimində baxdım ki, insanlar kütləvi şəkildə rayonlara axın etdi, belə olan halda nə nəticəsi olacaq? Gedib rayonlarda istirahət mərkəzlərində yenə yığışdılar. Evdə ad günlərini qeyd edirlər, hamı edir istər-istəməz. Gəlin, boynumuza alaq ki, edirlər. Bir yerdə olanda bəlkə biri cavandır, immuniteti güclüdür, o yüngül keçirir, amma onun ətrafında yaşlılar, uşaqlar da var axı. Ona görə də hər kəs özünü qorumaqla ətrafındakıları qorumalıdır. Hər kəs vətəndaşlıq mövqeyindən çıxış etməli, məsuliyyəti dərk etməlidir. Mənim fikrimcə, hamı özü buna riayət etməlidir. Yoxsa deyib özü etmirsə olmaz. Prezidentin də dediyi kimi biz birlikdə bununla mübarizə aparmalıyıq. “Mall”lara girirlər hamı maska ilə, içəri girəndən sonra maskalarını çıxarırlar. Özümüz müşahidə edirik, küçədə görürük, xəbərlərdə göstərirlər. İnşallah, bu karantinin effektli nəticəsini görəcəyik”.
Sənətçi iki həftəlik karantin rejimində evdən onlayn şəkildə fəaliyyətini davam etdirəcəyini bildirib: “Karantin dövrü olandan bəri biz onlayn şəkildə dərslərimizi keçirdik. Onlayn konsertlərim, layihələrim olub. Biz evdə də qalsaq, işlərimizi görürük. Muğam mərkəzində tamaşaçısız konsertlər veririk.
“Bizi birləşdirən mədəniyyət” adlı layihədə artıq beş dəfə çıxış etmişəm . AzTV-də “Eyvana çıx” layihəsində iki dəfə çıxış etmişəm. Evdən onlayn konsertlər vermişəm. Bu karantin müddətində də təbii ki, fəaliyyətimi davam etdirəcəyəm. Çünki vəziyyət kritikdir, artıq kütləvi yoluxma başlayıb. Harda tutacağını bilə bilməzsən. Artıq telekanallarda jurnalistlər arasında, nazirliklərdə, digər müəssisələrdə yoluxma faktı qeydə alınıb. Deməli, daşıyıcılar aramızdadır. Mən xalqımıza, həmvətənlərimizə səslənirəm, hər kəs öz canını qorusun. Başa düşürəm hava istidir, hamı gəzmək istəyir. Elə ən böyük əziyyəti biz sənət adamları çəkirik, çünki biz həmişə insanlarla ünsiyyətdə, səfərlərdə olmuşuq. Amma bilmək lazımdır ki, canımızın sağlığı hər şeydən önəmlidir. Bəzən deyirlər ki, insan nə qədər evdə oturar? Amma evdə qalmaq süni nəfəs aparatına qoşularaq tavana baxmaqdan hər halda daha yaxşıdır. Ona görə də hər bir kəs qorunmalıdır ki, mümkün qədər az itki ilə çıxaq. Bizim qarşıda böyük düşmənimiz var. Bu, gözəgörünməyən düşməndir, amma bizim bir də gözəgörünən, torpaqlarımızı işğal edən düşmənimiz var. Buna qalib gələk ki, daha sonra gözəgörünən düşməni öz torpağımızdan qovub çıxaraq”.(yenisabah.az)