Qənirə Paşayeva Adil İsgəndərovla bağlı telekanallara və mediaya səsləndi…
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan Adil İsgəndərovun 110 illik yubileyi ilə bağlı yazısı və KİV-lərə çağırışı:
Ötən ay, görkəmli teatr və kino xadimi, böyük sənətkar Adil İsgəndərovun 110 yaşı tamam oldu. Azərbaycan səhnəsinə yaddaqalan xarakterik obrazlar bəxş edən Adil İsgəndərov (05.05.1910 – 18.09.1978) öz şəxsiyyəti və sənət irsi ilə məktəbləşmiş sənətkarlardandır. Onun həyat və fəaliyyəti, sənətkarlığı bugünkü gənc nəsillər üçün bir örnək təşkil edir. Özü də yalnız teatr və kino sahəsi mənsubları üçün deyil, ümumən ictimai-mədəni mühitimiz üçün, necə deyərlər, ziyalılıq institumuz, mənəvi infrastrukturumz üçün Adil İsgəndərov peşəkarlığı, sənətkarlığı, qətiyyəti və fədakarlığı öz güncəlliyini saxlamaqdadır.
Teatr Texnikumu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almış, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmiş Adil İsgəndərov, 1936 -cı ildə Akademik Dövlət Teatrına qədəm basmış, çox keçmədən bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilmiş və 25 ilə yaxın bir dövrdə, ölkəmizin 1 saylı teatrında öz məktəbini yaratmışdır. Təsadüfi deyil ki, hələ o vaxtlar bu sənət ocağı “Adil İsgəndərov teatrı” adlandırılırdı. Onun yüksək idarəetmə qabiliyyətini nəzərə alan əlaqədar qurumlar, 1966-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor təyin etmiş və böyük sənətkar 1974-cü ilədək bu vəzifədə çalışmışdır.
Adil İsgəndərov öz dövrünün demək olar, bütün yüksək mükafatlarına, fəxri adlarına, o cümlədən keçmiş SSRİ-nin Xalq artisti adına, yüksək ordenlərinə layiq görülmüşdür.
Onun rejissoru olduğu tamaşalar sənət biliclərinin, akademik çevrələrin və əlbəttə, çoxsaylı tamaşaçı auditoriyasının yüksək rəğbəti, sevgisi ilə qarşılanmışdır. Yəqin, bu planda, yalnız “Vaqif” tamaşasına verdiyi quruluşu xatırlatmaq belə, Adil İsgəndərovun hələ gənc yaşlarındakı böyük sənətkar siqlətini göstərməyə yetərlidir.
“Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan biri olmaq etibarı ilə, paytaxt Bakının timsalında ümumazərbaycan mədəni mühitində yeni bir oyanış yaratmışdır. Sonra “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Otello” və s. əsərləri tamaşaya qoyan Adil İsgəndərov, bir istedadlı rejissor kimi, səhnəyə yeni nəfəs, yeni ruh gətirmişdir.
Adil İsgəndərov yeniliklər yaradıcısı, yeni nəfəs ustadı idi. Dekorasiyalar, aktyor oyunu, ümumi kompozisiya quruluşu da daxil olmaqla, onun sayəsində klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Onun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də, tamaşalara aktyor seçmək məharəti olub.
Böyük sənətkar güclü təşkilatçı kimi ayrıca xarakterizə oluna bilər. Onun rəhbərliyi dövründə teatrda tamaşaların keyfiyyəti yüksəlib, repertuarı zənginləşib.
Adil İsgəndərovun kino dünyası xüsusi bir mövzu, tədqiq sahəsi sayıla bilər.
“O olmasın, bu olsun” filmində epizodik qoçu rolundan tutmuş, oynadığı ən son (“Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı) rolunadək onun aktyor ifaçılığındakı bütövlük, şəxsiyyət və sənətkarlığın kamil bütövlüyü, filmin mətn-mövzusuna uyğun, bir çox hallarda bəlkə o mətn-mündəricəni də aşan parlaq milli xarakter özünü göstərmişdir. Elə bircə “Axırıncı aşırım” filmində yaratdığı Kərbalayı İsmayıl obrazını xatırlatmaq yetərli olardı. Adil İsgəndərovun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov da özəl yerə sahibdir.
Adil İsgəndərovun kino aktyorluğunda çox aydın sezilən səmimiyyəti istedadı ilə birgə, onu tamaşaçıya sevdirmiş iki ən mühüm göstəricidən biri sayılır.
O istəyirdi ki, soydaşları, həmvətənləri öz obrazlarını kinoda da, olduğu kimi, səmimi, orijinal halı ilə görsün. Çünki özü təbiətcə kosmopolitlikdən çox uzaq ziyalı idi.
Bir sözlə, 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu ustad sənətkar, fenomen şəxsiyyət, yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəltmişdi. – O xalqını sevir, xalqdan güc alır və yaratdıqları ilə xalqı ruhlandırırdı.
Bəli, sənətbilicilərinin sabitləşmiş və ümumxalq qəbulu görmüş qənaəti ilə, Adil İsgəndərovun yaradıcı irsi əsil məktəb olub və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdir. Demək istərdim ki Adil İsgəndərov haqqında yalnız keçmişdə deyil, bəlkə eyni şövqlə buğun üçün də danışmaqda haqlıyıq və gələcəkdə də təbliğ, tərənnüm və tətbiq olunması vacibdir. Ona görə də, Azərbaycan mediasına, özəlliklə TV-lərimizə çağırış edir, cari ildə Adil İsgəndərov şəxsiyyəti, yaradıcılığı haqqında geniş proqramlarla, müvafiq verilişlərlə çıxış etməsini arzu və təmənna edirəm. Bir qədər öncə də vurğuladığımız kimi, hesab edirəm, Adil İsgəndov yaradıcılığı yeni sənət şəkillənmələri, gənc istedadların üzə çıxması, sənətə ürəkdən bağlanması, milli qürur hissini güclənməsi, bu yöndə digər əməli çalışmalar üçün çox təsirli olardı.
Salam-sayğılarla, Qənirə Paşayeva