BU ŞƏHƏRLƏRDƏ İKİ HƏFTƏLİK SƏRT KARANTİN REJİMİ TƏTBİQ OLUNACAQ – Hansı məhdudiyyətlər olacaq?
“Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”, – o deyib.
Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.
Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.
Bundan başqa ticarət mərkəzlərinin fəaliyyəti tam dayandırılır, ictimai iaşə xidmətlərinin isə yerində fəaliyyəti dayandırılacaq. Həmçinin bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq.
Bakı metropliteninin fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək.
Məhdudiyyətlər aşağıdakılardır:
SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma tətbiq ediləcək,
dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),
ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,
ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,
bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,
muzey və sərgi zallarının fəaliyyəti dayandırlacaq,
malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə almaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.
21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək ciddi karantin rejimi zamanı dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq ediləcək.
Leyla Abdullayeva bildirib ki, məhdudiyyətlərə müxtəlif vaxtlarda işə başlamaq, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi aiddir.