Bundesliqanın qalibi bəlli oldu
“Bavariya” futbol klubu ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi oldu.
Trend-in məlumatına görə, Münhen şəhərinin təmsilçisi bu gün səfərdə Bremen təmsilçisi “Verder” üzərində 1:0 hesablı qələbə qazanaraq 32 oyundan sonra xallarının sayını 76-ya çatdırıb.
“Bavariya”nın turnir cədvəlində 66 xalla ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı Münhen təmsilçisinə çatmaq şansını itirdi.
Beləliklə, “Bavariya” futbol üzrə Almaniya çempionatının 30-cu dəfə, ardıcıl olaraq isə 8-ci dəfə qalibi oldu. Bundan əlavə Münhen təmsilçisi 19 dəfə Almaniya Kubokunun və 7 dəfə Superkubokun qalibi olub. Klub 5 dəfə Çempionlar Liqasında qələbə qazanıb.
Qeyd edək ki,“Bavariya” klubunun futbolçusu Robert Levandovski Bundesliqanın tarixinə düşüb.Polşalı qoleador çempionat tarixinin rekordunu yeniləyib.O, çempionluğun erkən rəsmiləşdirildiyi “Verder”lə səfər oyununda vurduğu qolla komandasına 1:0 hesablı qələbə və ardıcıl 8-ci dəfə qızıl medalları qazandırıb.Bu, polşalının cari mövsümdə 31-ci qolu olub.
Beləliklə, Levandovski Bundesliqada bir mövsümə ən çox qol vuran legioner adına şərik çıxıb. 2016/17 mövsümündə Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq da 31 qol vurmuşdu. Lakin polşalı son iki turda vuracağı qolla qabonlunu arxada qoymaq imkanına da malikdir.