Prezidentin köməkçisi Dağıstanda baş verənlərə münasibət bildirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisəyə münasibət bildirib.

Aktualinfo.org AZƏRTAC-a istinadən xəbər verir ki, H.Hacıyev deyib: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk. Ümumiyyətlə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib.

2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəmizə geri qayıdışı təmin olunub.

Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün “Evə gedirəm” adlı portal yaradılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.

Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password