Bakı Slavyan Universitetində (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş onlayn formada tədbir keçirilib.
Univetsitetin Mətbuat Xidmətindən Aktualinfo.org-a verilən məlumata görə, tədbirdə BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Sevda Axundova, universitetin II tədris ili tələbəsi Rəhilə Yusifova və III tədris ili tələbəsi Sultan İbrahimli, TGT-nin İdarə Heyətinin üzvləri və fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sultan İbrahimli bildirib ki, 1993-cü il İyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Sevda Axundova ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib.
Sonra Rəhilə Yusifova çıxış edərək ümummilli liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası və mütərəqqi islahatlar haqqında məlumat verib.
Sonda isə TGT tərəfindən hazırlanmış və Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.