Ombudsman KİV-ə və sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Müraciətdə deyilir:

“Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Ötən müddət ərzində xüsusi karantin rejimi dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlərin qanunauyğun nəticəsi kimi, yoluxma hallarının sayı minimuma endirilmiş, ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

Amma xüsusi karantin rejiminin yumşaldılmasından sonra infeksiyaya yoluxma halları yenidən artmışdır ki, bunun da başlıca səbəbi bir çox insanın müəyyən olunmuş qaydalara, o cümlədən sosial məsafənin qorunması, tibbi maska kimi qoruyucu vasitələrdən istifadə edilməsi tələblərinə əməl etməməsi, eləcə də şəxsi gigiyena normalarının pozulmasıdır.

Heç şübhəsiz, indiki şəraitdə pandemiya ilə mübarizənin effektivliyi vətəndaşların davranışından və məsuliyyətli yanaşmasından asılıdır. Eyni zamanda, kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə və təbliğat işini düzgün təşkil etməklə dövlətin pandemiya ilə mübarizəsinə ictimai dəstəyini davam etdirməlidir. Təəssüflə bildiririk ki, son zamanlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatlar KİV tərəfindən yoxlanılmadan, təhlil edilmədən tirajlanır. Bu isə ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticə etibarilə, cəmiyyət üzvləri maska taxmaq, sosial məsafə saxlamaq, şəxsi gigiyena normalarına əməl etmək kimi sadə üsulladan istifadə etməkdən yayınırlar.

Həm KİV nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əsassız məlumatları yaymamağa çağırırıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password