Avropa Parlamenti İrəvanın hərəkətlərini pislədi: Ermənistandan Qarabağa yeni yol çəkilməməlidir

Avropa Parlamenti İrəvanın Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək planlarını qınayıb, çünki bu qərar Azərbaycanın rəsmi orqanlarının razılığı olmadan və beynəlxalq hüquqa zidd olaraq verilib.

Bu sözləri Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko, Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Avropa Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə həmsədri Marina Kalyurand deyib.

“Keçən il elan edilmiş Ermənistanla Dağlıq Qarabağ arasında üçüncü avtomobil yolunun inşasına tezliklə başlanılmalıdır. Yeni yol infrastrukturu Ermənistanın Kapan şəhərini Dağlıq Qarabağdakı Hadrutla birləşdirəcək, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcəkdir” deyə vurğulanır.

Zovko, Basesku və Kalyurand qeyd edib ki, Avropa Parlamenti Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regional əməkdaşlığı, insanlar arasında qarşılıqlı əlaqəni və rabitəni gücləndirən layihələri dəstəkləyir.

“Bununla belə, bu magistral yolun inşası barədə qərar Azərbaycan rəsmi orqanlarının razılığı olmadan və beynəlxalq hüquqa zidd olaraq qəbul edilib. Bundan əlavə, bu, Dağlıq Qarabağın və ətraf ərazilərin qanunsuz işğalını simvolik olaraq gücləndirə bilər” deyilib.

“Buna görə də biz bu təşəbbüsü qəti şəkildə pisləyirik, çünki bu etimadın, sülhün və harmoniyanın bərqərar olmasına şərait yaratmağa kömək etmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini və 2009-cu ildə qəbul edilmiş Əsas Prinsiplərini dəstəklədiyimizi bir daha təsdiqləyirik. Vasitəçilərin uğur qazanma şansı əldə etmələri üçün biz Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh yolu ilə həllinə dair danışıqlar prosesinə səmimi bağlı olduqlarını nümayiş etdirməyə çağırırıq”. Zovko, Basesku və Kalyurand belə deyib.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password