“Koronavirusa yoluxma sayı 3 həftədən sonra daha çox olacaq” – Adil QEYBULLA
“İctimai nəqliyyatda maskalar pulsuz paylanılsın”
Artıq bir müddətdir ki, Azərbaycanda ictimai nəqliyyatda, dövlət xidməti binalarında, bütün iaşə, alış-veriş mərkəzlərində, qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburidir. Bunun üçün cərimələr də tətbiq edilib. Maska taxmamağa görə fiziki şəxslər üçün 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər üçün isə 200 manat cərimə ödəyəcək. Təkrar aşkarlanma olarsa fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat ödəyəcək.
Lakin yenə də adları sadalanan ərazilərdə bir çox vətəndaşın öz üzərinə düşən sosial məsuliyyəti dərk etməyərək, maska taxmadığının şahidi oluruq.
Ötən gün DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsi ötən gün açıqlama yayaraq, bildirib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə təkcə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 443 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 135 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1 583 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Nəzərə alsaq ki, bu rəqəmlər ölkədə ən sərt karantin rejimi dövründə, insanların evdən çölə çıxması qadağan olunduğu günləri əhatə edir, həftəiçi günlərdə bu sayın dəfələrlə çox olduğunu müəyyən etmək çətin deyil.
Qeyd edək ki, mayın 8-nə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı artıq 7876 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 93 nəfər olub. Bir ay öncəyə qədər əgər gün ərzində iki rəqəmli yoluxma sayı müşahidə olunurdusa, karantin rejimi yumşaldıqdan sonra 3 rəqəmli saylar ortaya çıxmağa başladı.
Bəs nə etmək lazımdır ki, vətəndaşlar üzərlərinə düşən məsuliyyəti dərk etsinlər, karantin rejimi qaydalarının onların özlərinin, ətrafdakıların təhlükəsizliyi üçün tətbiq edildiyini düşünərək sosial məsafəni gözləsinlər, tibbi maskadan mütəmadi olaraq istifadə etməyi bacarsınlar?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bunları bildirib: “Qeyd etdiyiniz kimi, ölkədə hər keçən gün koronavirusa yoluxanların sayında xeyli artım olduğu görünür. Karantin rejimi yumşaldıqdan sonra insanlar arasında arxayınlaşma baş verdi, əksəriyyəti ictimai, insanların çox olduğu yerlərdə maska taxmağı iqnor etdilər. Bunu vətəndaşların mağazalarda, ərzaq dükanlarında, çörək növbələrində nümayiş etdirdikləri davranışlarda da gördük. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, ölkədə koronavirusa yoluxma sayının 3 həftədən sonra daha çox olacağını görəcəyik”.
Adil Qeybulla qeyd etdi ki, əslində hər bir vətəndaş təhlükəni dərk edərək maska taxmalıdır, bunun üçün cərimələrə də ehtiyac qalmamalıdır: “Maska taxmamağa görə cərimələrin olması bizim üçün ayıb olmalıdır. Maska nədir ki, onu taxmaqdan imtina edirik? Hər bir vətəndaş özü dərk edərək maska taxmalı, sosial məsafəni gözləməlidir. Bunu inzibati qaydalara çatdırmağa ehtiyac olmamalı idi”.
Həkim təklif edib ki, ictimai nəqliyyatda vətəndaşlara tibbi maskalar pulsuz paylanılsın: “Yaxşı olardı ki, ictimai nəqliyyatda, avtobuslarda tibbi maska pulsuz olaraq paylanılsın. Bir maskanın dəyəri o qədər də böyük deyil. Hesab edirəm ki, təhlükəni azaltmaq üçün, insanları maska taxmağa daha çox cəlb etmək üçün bunu həyata keçirmək mümkündür. Yoxsa, qeyd etdiyim kimi, vəziyyət daha da pisləşəcək”. /“Yeni Müsavat”/