Müdafiə Sənayesi naziri, Milli Qəhərəman Mədət Quliyev Milli Qəhrəmanların adından Azərbaycan polislərinə təşəkkür edib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətindən nazir Mədət Quliyevin imzası ilə göndərilən məktubda Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışıldığı, ancaq bu təxribatın fiaskoya uğrayacağı vurğulanıb.
Məktubda deyilir:
“Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmiş, bu xəstəlik əksər dünya dövlətləri kimi Azərbaycana və onun iqtisadiyyatına da yetərincə zərər vurmuşdur. Böyük iqtisadi itkilərə baxmayaraq, daima insan faktorunu diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ölkədə elan olunan xüsusi karantin rejimi dövründə koronavirusa yoluxma sayının ən çox qeydə alındığı paytaxt Bakıda ön cəbhədə xidmət edən həkimlərlə yanaşı, polislər də əsl qəhrəmanlıq göstərirlər. Aylardır gücləndirilmiş iş rejimində yorulmadan, usanmadan xidmət aparan, bu çətin günlərdə xalqın sağlamlığı naminə öz həyatlarını təhlükəyə atan Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır və ən əsası humanist davranışları ilə milli həmrəyliyə öz töhfəsini verir.
Təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi müxalifyönlü qüvvələr Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışırlar. Lakin bu antimilli ünsürlər karantin rejiminin tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görən Azərbaycan polisinə ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların Azərbaycan polisinə qarşı törətdikləri növbəti təxribat da fiaskoya uğrayacaq.
Biz – Azərbaycanın Milli Qəhrəmanları Azərbaycan polisinin şərəfli fəaliyyətini yüksək qiymətləndirərək, onlara öz dərin təşəkkürümüzü ifadə edirik”.