“Bu məhsullar yetişdirilərkən pestisidlərdən, kimyəvi dərmanlardan və mineral gübrələrdən istifadə edilir” – Mütəxəssis xəbərdarlıq edir
Yaz-yay mövsümündə bazarda satışa çıxarılan meyvələrin çeşidliliyi artır. Lakin yeni yetişən meyvə və giləmeyvələrin, eləcə də tərəvəzlərin dadına baxmaq istəyənləri bəzən onların tərkibi də narahat edir. Çoxları bu dövrdə meyvə, giləmeyvə və tərəvəzlərin tərkibində gübrələrin miqdarının çox olmasını əsas gətirərək onun orqanizmdə zəhərlənmə yaradacağından ehtiyat edirlər.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Cavidan Quliyevin sözlərinə görə, meyvə və tərəvəzlərdə zəhərlənmə iki yolla baş verir ki, bunlar da kimyəvi və mikrobioloji, yəni infeksion zəhərlənmələrdir:
“Bu məhsullar yetişdirilərkən pestisidlərdən, kimyəvi dərmanlardan və mineral gübrələrdən istifadə edilir. Onlar düzgün yuyulmadıqda bu məhsulların üzərində qalan həmin kimyəvi dərmanlar insan orqanizminə keçərək zəhərlənməyə səbəb ola bilər. Mineral gübrələr bitkiyə daha çox torpaq yolu ilə, yəni daxildən keçir. Dərmanlar isə kənar tətbiq yolu ilə bitkiyə təsir etdiyi üçün onun toz dənəcikləri bitkinin üzərində qalır. Ola bilsin ki, bunlar orqanizmə birbaşa təsir etmir. Amma davamlı şəkildə istifadə etdiyimiz zaman bunlar bədəndə müəyyən toksiki maddələrin toplanmasına səbəb olur. Vətəndaşlarda hər zaman belə fikir formalaşır ki, mineral gübrə ilə yetişdirilən meyvə-tərəvəz zərərlidir. Xeyr, belə deyil. Meyvə-tərəvəzi yetişdirmək və məhsuldarlıq əldə etmək üçün həmin gübrələrdən istifadə edilməlidir. Əsas məsələ odur ki, gübrələrdən normal miqdarda istifadə edilmədir”.
C.Quliyev bildirib ki, mineral gübrənin çox verilməsinin nəticəsi olaraq yayda çiyələk, qarpız, pomidordan zəhərlənmə baş verə bilər. Buna görə də vətəndaşlar birinci növbədə istifadə etdikləri məhsulun mövsümünün olub-olmamasına diqqət yetirməlidirlər:
“Meyvə-tərəvəz öz mövsümündə istehlak edilməlidir. İkinci diqqət edilməli məsələ meyvə-tərəvəzin xarici görünüşüdür. Meyvə-tərəvəzin ölçüsünün normadan böyük olması o deməkdir ki, onun yetişdirilməsi üçün gübrədən çox istifadə edilib. Bitkini onun inkişafı üçün mühüm amil olan azot elemeneti ilə çox təmin etdikdə bitkinin vegetasiya, yəni inkişaf müddətu uzanır. Bitkinin içində davamlı olaraq, həmin maddələr toplanmağa başlayır və bitki onu həll edə bilmir. Məsələn, bəzən qarpız kəsdikdə onun içində topalar, içindəki zoğlar çox qalın şəkildə olur. Bəzən də onun qabıqaltı hissəsində sarı, cəhrayı rəngdə zolaqlar olur. Bu, artıq həmin maddəyə gübrənin normadan çox verildiyini göstərir. Buna görə də riskə gedərək belə meyvələri yeməməyi tövsiyə edirik”.
C.Quliyev əlavə edib ki, meyvə-tərəvəzlərin soyuducuda yuyulmadan saxlanılması daha yaxşı olar. Çünki nəmli şəraitdə mikroorqanizmlərin inkişafı üçün daha əlverişli şərait olur.
Mütəxəssis deyib ki, meyvə-tərəvəzlərin yuyulması ilə bağlı da müəyyən fikir ayrılıqları var:
“Bəzi mütəxəssislər hesab edirlər ki, meyvə-tərəvəzləri sirkəli su ilə yumaq lazımdır. Bir sıra mütəxəssislər isə meyvə-tərəvəzlərin sodalı suda yuyulmasını tövsiyə edirlər. Lakin tətbiq edilən bu dərman məhlullarının arasında turşulu, sodalı suda, yəni qələvi mühitdə tez həll edilə bilən maddələr var. Ona görə də məsləhət görürük ki, bu məhsulları müəyyən müddət – ən azı 15-30 dəqiqə soyuq suda saxladıqdan sonra ilıq suda yaxalayıb istehlak etmək lazımdır”.
Pandemiya ilə əlaqədar bəzi şəxslərin meyvə-tərəvəzlərin kimyəvi yuyucu maddələrdə yumaq istəməsinə gəldikdə, C.Quliyev bildirib ki, dezinfeksiyaedici maddələr meyvə-tərəvəzin yuyulması üçün deyil, əllər üçün nəzərdə tutulub. Həmin maddələrdən meyvə-tərəvəzin təmizlənməsi üçün istifadə etdiyimiz və onu istehlak etdiyimiz zaman insan orqanizminə kimyəvi maddələr daxil olur. Buna görə də məhsulları suda saxlayıb yuduqdan sonra istifadə etmək daha düzgün olar”.