Nazirin oğlunun Nyu-Yorkda aldığı evlə bağlı daha bir açıqlama – Fotolar
“Azərbaycanın ən təmiz naziri kimi tanınan Elmar Məmmədyarovun oğluna məxsus hərəsi 141 kv metr, 2 yataq, 1 qonaq otağından və 2 hamamdan ibarət olan Nyu Yorkda Manhattanda yerləşən mənzillərin birlikdə aylıq əmlak vergisi və kommunal xərcləri (elektrik enerjisi istisna olmaqla) 3200 dollardır. Bu məbləğə hər iki ev üçün ayda 1784 dollar (hər ev üçün 892 dollar) əmlak vergisi də daxildir”.
Bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, Elmar Məmmədyarovun nazir kimi aylıq əmək haqqı 1925 manatdır ki, bu da yalnız 1 mənzilin aylıq əmlak vergisi və kommunal xərclərinin 70 faizini ödəməyə bəs edir. Çünki, bir mənzilin aylıq əmlak vergisi və kommunal xərci 2720 manatdır.
“Şəkildə təqdim olunan, birinin qiyməti 2 milyon 50 min dollar, o birinin qiyməti 2 milyon 200 min dollar olan mənzillərin hər birinin aylıq kirayə haqqı 7500 dollardan başlayır. İkisi də kirayə verildiyi halda ayda ən azı 11800 (15000-32000) dollar icarədən qazanmaq mümkündür ki, bu da nazirin aylıq vəzifə maaşından 10 dəfədən də çox edir”.