Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bütün dünyada olduğu kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bütün uşaqları, valideynləri, habelə onların hüquq və mənafelərinin müdafiəsi ilə məşğul olan şəxsləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıram.
Müasir dövrdə uşaq hüquqlarının səmərəli təmini, müdafiəsivətəbliği hər bir dövlətin və bütövlükdə cəmiyyətin inkişafını şərtləndirən mühüm faktorlardan biri kimi çıxış edir. Buna görə də gələcəyimiz olan uşaqların hüquqlarının müdafiəsinə, onların hərtərəfli inkişafına nail olmaq dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Azərbaycan Respublikasının Konstitusiyasında, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında, habelə ölkəmizin tərəfdar çıxdığı bir sıra digər beynəlxalq müqavilələrdə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm normalar təsbit edilmişdir ki, onların da həyata keçirilməsinə dövlət tərəfindən nəzarət edilir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmağa, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial xidmət müəssisələrinin inşası, onların müasir tələblərə uyğun şəkildə yenidən qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə böyük sevinc və razılıqla qarşılanır.
Milli insan hüquqları institutu olaraq uşaq hüquqlarının müdafiəsi və təşviqi məsələlərini daim diqqət mərkəzində saxlayan Ombudsman təsisatı tərəfindən davamlı olaraq Bakı şəhərində və ölkəmizin regionlarında uşaq hüquqları ilə bağlı silsilə maarifləndirmə tədbirləri təşkil edilir, uşaq tərbiyə müəssisəsinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanma yerlərinə başçəkmə və monitorinqlər aparılır, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlarla görüşlər keçirilir, təhsil müəssisələrində uşaqların iştirakı ilə müzakirələr aparılır.
Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyinin əməkdaşlığıilə ümumitəhsil müəssisələrində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda üsulu ilə pilləli tədris proqramı hər il Bakı şəhərinin hər bir rayonu, habelə respublikamızın müxtəlif şəhər və rayonlarından bəzi məktəbləri əhatə etməklə uğurla davam etdirilməkdədir. Pilləli tədris prosesində Təhsil Nazirliyinin müvafiq qurumları, eləcə də Bakı Dövlət Universitetindən alınmış rəy əsasında nəşr edilmiş “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı iki tədris vəsaitindən istifadə olunub. Ombudsman Aparatı tərəfindən hazırlanaraq çap olunmuş uşaq hüquqları üzrə maarifləndirici vəsaitlər pilləli tədrisin həyata keçirildiyi məktəblərin kitabxanalarına təqdim edilib. Ümumilikdə Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 190-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 11000-dən artıq şagirdə Müvəkkil tərəfindən sertifikat, 900-dən çox müəllim və direktora təşəkkürnamə verilib.
Son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə tətbiq edilən xüsusi karantin rejimi şəraitində uşaq hüquqlarının təmininə diqqətin daha da artırılması mühüm əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə Ombudsman təsisatı tərəfindən də zəruri addımlar atılır.
Belə ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ombudsman Aparatında və regional mərkəzlərində insanların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, uşaqlar, onların valideynləri və digər qanuni nümayəndələri uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili olaraq Ombudsmana ötürmək üçün elektron qaydada (poçt, onlayn müraciət, e-mail, faks), sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən “qaynar xətt” telefonu (012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilirlər.
Qeyd etmək lazımdır ki, Müvəkkilin pademiya dövründəki fəaliyyəti çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair ictimaiyyətə məlumat verilib.
Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərə çox həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ şəkildə təcili addımlar atılır ki, bu da istismar, zorakılıq və digər bu kimi hüquq pozuntularına məruz qalmış uşaqlarda özünümüdafiə bacarıqlarını formalaşdırır və pozulmuş hüquqlarının bərpasına nail olunur.
Təəssüflə qeyd edirik ki, təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanları sırasında uşaqlar da var. 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 613 nəfərdən 63-ü məhz uşaqlar olub. Bununla yanaşı, 8 ailənin tamamilə məhv edilməsi nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 76 uşaq yaralanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb ki, onların arasında 67 uşaq var. Həmçinin, işğalçı Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs əldə olunsa da, bu günə qədər təcavüzkar ölkəyə məxsus silahlı qüvvələrin atəşkəs rejimini mütəmadi olaraq pozması nəticəsində uşaqların ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş fundamental hüquq və azadlıqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, bu günədək 34 nəfər uşaq erməni terrorunun qurbanına çevrilib ki, onlardan 14 nəfəri həlak olmuş, 20 nəfəri isə yaralanıb.
Bütün uşaqların normal, təhlükəsiz şəraitdə və sağlam ətraf mühitdə yaşamaq, təhsil almaq hüquqlarının reallaşdırılması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün uşağın normal ailəsinin olması əsas şərtlərdəndir. Ailədə övladın yaxşı tərbiyəsi isə valideynlərin ümdə vəzifələrindən olmalıdır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam əqidəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan, xalqa, dövlətçiliyə sadiq övladlar kimi yetişdirilməlidirlər.
Uşaqlara bütün sahələrdə göstərilən qayğı cəmiyyət üçün layiqli, faydalı, öz hüquqlarını bilən və onları müdafiə etməyi bacaranşəxsiyyətyetişdirmək kimi çox ülvi bir məqsədə xidmət etməlidir. Biz uşaqları elə tərbiyə etməliyik ki, öz hüquqlarını bilsinlər, heç kimin onları təsir altına salmasına, istismara və zorakılığa məruz qoymasına imkan verməsinlər.
Mərkəzi və yerli icra hakimiyyətləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, onlara göstərilən dövlət qayğısı, uşaq əməyinə və erkən evlilik hallarına qarşı mübarizə, uşaqlar arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin edilməsi və onların sosial inklüziyası, uşaqların ayrı-seçkilikdən müdafiəsi, bərabərlik hüquqları və digər mövzularda onlayn maarifləndirmə tədbirlərinin, rəsm və inşa müsabiqələrinin təşkili zəruridir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar naminə və uşaqların iştirakı ilə bütün dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini, icmaları və bütövlükdə hər kəsi uşaqlara qayğı ilə yanaşmağa və dəstək verməyə çağırıram.
Gəlin bunu heç zaman unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir, hamımız onların xoşbəxt gələcəyi üçün çalışaq, uşaqlar üçün yararlı inklüziv cəmiyyət yaradaq”.