Koronavirusun Azərbaycanda sərnişin daşımalarına təsirləri açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin daşımalarında azalma müşahidə edilib.
Ölkədə pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkətinin dayandırılması, yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın, o cümlədən yerli hava uçuşlarının dayandırılması sərnişin daşımalarının cari ilin aprel ayında mart ayına nisbətən müvafiq olaraq 46,9 faiz, ötən ilin aprel ayı ilə müqayisədə isə 58,9 faiz azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində cari ilin yanvar-aprel aylarında ölkə üzrə sərnişin daşınmasının isə 18,9 faiz azalmasına səbəb olub.
Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 509,8 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 89,7 faizi avtomobil nəqliyyatı, 10,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-aprel ayları ərzində 1 milyon 119,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 11,9 faiz artım müşahidə olunub.
Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 5,8 min nəfər olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 457,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 16,8 faiz azalıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 34,1 faiz azalaraq 50,9 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 439,0 min və ya 33,8 faiz az sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.