Həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır – İlham Əliyev

Hazırda Azərbaycanda yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti araşdırılır. 

Bu barədə prezident İlham Əliyev İmişli və Ağstafa rayonlarının yeni təyin edilmiş icra hakimiyyəti başçıları Seymur Orucov və Elçin Rzayevi qəbul edərkən bildirib.

Qeyd edək ki, hər iki rayonun əvvəlki icra başçısı həbs edilib. Prezident bildirib ki, həbs edilən Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçılarının hazırda istintaqı gedir, amma məsələ bu iki rayonla başa çatmır. «Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq»-deyə prezident bildirib.

Prezident yeni icra başçılarına rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparmağı bu işə ictimaiyyəti də cəlb etməyi tapşırıb: «Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir».

Dövlət başçısı bildirib ki, icra başçıları gücləri çatmayan məsələ olduqda mərkəzi orqanlara müraciət edə bilərlər: «Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın».

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password