Afaq Bəşirqızı: “Allahım, Sən özün bir çarə qıl!”
Dünən sonuncu Qədr gecəsi idi. Artıq bu Müqəddəs Ramazanı da belə yola salırıq. Bu ay insanlığın uca tutulan, insanlığa dəyər verilən bir aydır. İlahi-Pərvərdigarım, dərgahın üzümüzə açıqdır. Şükürlər olsun ki, mən həmişəki kimi Səninlə bölüşürəm. Amma bu gecə Sənə daha çox şikayətim var. Sən hər halda məni bağışlayasan. Çünki sən bağışlamağı bacaran, mərhəmətli, uca Pərvərdigarımsan.
Dözmək çox çətindir. Yalan, şablon, boğazdanyuxarı sözlər insanlığı məhv edir. Sənin yaratdıqların, insan adını daşıyan bəndələrin çoxdur. Amma insanlıq çox azalıb, İlahi-Pərvərdigarım! Bunun günahkarı Sən deyil, biz özümüzük. Bunun günahkarı bəşəriyyətdir, insanlar və insancıqlardır. İlahi, nə vaxta qədər bir vaxtlar özümüzə sığışdırmadığımız kəlmələri üzərimizdə daşıyacağıq? “Biqeyrətlik” sözü niyə bizə bu qədər doğmalaşır axı? Niyə qeyrətimiz passivləşir? Mən bunu sənin cəzan kimi, sənin qarşında işlətdiyimiz sonsuz günahların cəzası kimi qəbul edirəm. Sənin yerinə danışdığıma və sənin adına söz dediyimə görə məni bağışla! Buna haqqım yoxdur, bilirəm. Çünki tək İlahi sənsən!
Çox təəssüf edirəm. Artıq 28 ildir “vətən”, “torpaq”, “şəhid” sözləri də şablona çevrilib. Biqeyrətlər onu yorğan edib, gizlənmək üçün üstlərinə örtürlər. O yorğan altında özlərindən xəbərsiz yaşayırlar. Çox ağrılıdır. Namusdan danışanda daş-qalaq olunursan, səni namussuz adlandırırlar. Səni vətənini və xalqını sevməyən, “xalqdan yığdığın pullarla quduran” bir insan kimi görürlər. Vətəndən danışırsan, o dəqiqə ağzını yumurlar. Deyirlər, hansı vətəndən danışırsan, ay vətənsiz!
Bəli, Vətənim işğal altındadır. Bu nadanlarda da o qədər bədii sözlər var ki, həqiqəti onlara yedirtmək mümkün deyil. Amma onlar insafsızlığı, şərəfsizliyi, nadürüstlüyü sənə yedirdirlər. Günü-gündən hər hansı bir günahın üstünü açırsansa, səhəri gün o günahdan beş-betər günahlar baş verir.
İlahi-Pərvərdigarım, bizə kim öyrətdi bu rüşvətxorluğu, korrupsiyanı, cibə girməyi, kiminsə haqqını yeməyi? Kim bizə öyrətdi lazımi yerdə müti, lazımsız yerdə isə xoruz olmağı?! Kim bizə öyrətdi ki, öz haqqını tələb eləməyi bacarmayan, miskin günə düşən bir insan bu gün öz günahını çıxıb başqalarında axtarır? Bir neçə saatlıq əyləncəyə bütün həyatını qurban verənlər əsl ömrün bu olduğunu, sabahkı gün bundan da yaxşı olacağını fikirləşirlər. Bu nə vaxta qədər belə davam edəcək, İlahi?! Sənin cəzan qurtarmayacaqmı?
Dilimiz yara olub yalandan Koroğlu, Qaçaq Nəbi deməkdən. Qəhrəman şəhidlərimizin də adını bəzi nankorlar elə qələmə verirlər ki, qazi günahkar çıxır. Amma şəhidi təhqir edənlər dik gəzir. Bu nə vaxta qədər davam edəcək? Nə vaxta qədər biganəlik, “məndən ötdü, qardaşıma dəydi” prinsipi hökm sürəcək? İnsanın bir sözünü 50 qəpiklik çörək üçün dilənən, ağlayan, internetin pulunu göydənmi, yerdənmi, hardansa tapıb ödəyərək klaviatura arxasında günlərlə çürüdənlər kişi olduqlarını zənn edirlər. Amma fikirləşmirlər ki, onlar kişi olana qədər kişilik dəbdən düşəcək.
Bəli, bu gün sonuncu Qədr gecəsidir. Bir neçə gündən sonra Ramazan ayı bitir. Amma necə bitir? Ayın 21-dən babalarım uyuduğu torpaqda, Allah evi olan məscidlərim dağıdılan yurdumda, Qarabağ deyilən cənnətməkanımda and içiləcək. 28 ildir qondarma-qondarma deyə-deyə durmuşuq. Amma həmən o qondarmalar özlərini, öz təsdiqlərini elə qondurdular ki, bundan sonra o qondarmanı hürkütmək qeyri-mümkündür. Ayın 21-də Cıdır düzündə qondarma Dağlıq Qarabağın qondarma prezidenti qondarma and içəcək. Qondarma olsa da, amma o, and içəcək. Qarabağda prezident olacağına, bundan sonra da Azərbaycan torpaqlarından göz çəkməyəcəyinə və “Böyük Ermənistan” yaradacağına and içəcək. Sabah Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Füzulidə, Xankəndində, Xocalıda şəhidlərimizin ruhu çox pis inciyəcək bizdən. Sümükləri sızlayacaq. Biz onları dəbdəbə ilə Şəhidlər xiyabanında basdırırıq, üstlərinə bir balaca qara mərmər qoyuruq, onları ziyarət edirik. Amma bütün bunlar onların ruhuna təsəlli olmayacaq. Bu haqsızlığa, biganəliyə şəhidlərimizin ruhu dözməyəcək, Allahım!
İlahi-Pərvərdigarım, yaşamaq o qədər mənasızlaşıb ki… Sanki həyatdan doymuşam. Bütün bu haqsızlıqları, qudurğanlıqları görüb doymuşam. İnsanların qeydinə qalmağa məhkum edilən kəslərin laqeydliyindən doymuşam. Onlar Sənə güvənmirlər. Yəni bu həyatda səndən güclüsümü var? Sənin yaratdıqların Səndən güclümü ola bilər? Qurban olum, elə bəndələr yarat ki, heç olmasa şeytan onlara şeytanlıq edə bilsin. Çünki onlar bu dünyaya elə hazırlıqlı gəlirlər ki, şeytana şeytanlıq öyrədirlər. Qurban olum, haqqı nahaqa qurban vermə. Çünki yaratdıqların sənə möhtacdır. Bəzən “gec olar, güc olar” desələr də, bu gecliyə də dözə bilmirlər. Halal çörəyi haramdan seçə bilməyən, haram yolu halaldan üstün bilənlərə özün asi ol. Çünki biz onlarla bacara bilməyəcəyik.
İlahi! Müqəddəs Qədr gecəsində Sənə bu sözləri deyib, bu hisslərimi bölüşdüyüm üçün məni bağışla. Bəlkə də haqq dünyada sorğu-sualsız cəhənnəmliyəm, amma dözə bilmirəm. Zibil yeşiklərinə atılan günahsız ikigünlük körpələrin, əlillərin, qocaların, qazilərin və şəhidlərin Allahı, Sənə ehtiyacımız var. Sən özün bu fani dunyanın ya vaxtını qısalt, ya da bir çarə qıl!!/konkret.az/
Afaq Bəşirqızı