Deportasiyanın 76-cı ili: KRIM TATARLARI ÜÇÜN TARİX YENİDƏN TƏKRARLANIB

Bu həftə Stalinin 200 minə yaxın Krım tatarını öz yurdundan didərgin salmasının 76 ili tamam olur, ancaq Krımda böyük anım tədbiri olmayacaq. Rusiyanın 2014-cü ildə qanunsuz ilhaqından bəri, yarımadanın yerli əhalisi olan Krım tatarları kütləvi deportasiyanı açıq şəkildə xatırlamaq haqqından məhrum ediliblər. Anma qadağası sovet işğalının insanlığa qarşı törətdiyi cinayətləri ört-basdır etmək istəyən Rusiya işğal orqanlarının daha geniş təqib kampaniyasının yalnız gözəçarpan tərəfidir.

Vladimir Putinin Krım cinayətinin şoku hələ yeni ikən, yarımadanın Krım-tatar əhalisinin vəziyyəti beynəlxalq diqqəti cəlb edib. Ancaq rus işğalı yeddinci ilinə qədəm qoyduqda Krımın yerli xalqının taleyi indi nəzərlərdən yayınma təhlükəsindədir.

Keçən il deportasiya ildönümü tədbirlərinə dair verilən böyük vədlərə baxmayaraq, Krım tatarlarının fundamental azadlıqlarına və kollektiv yaddaşına, mədəniyyətinə və irsinə zərər verən problemlərin həlli istiqamətində son 12 ayda heç bir irəliləyiş yoxdur.

Bu gün beynəlxalq aşkarlığın aşağı səviyyəsi Krımın geosiyasi radarlardan tamamilə itməsini əks etdirir. Həqiqətən, yarımadadakı mövcud vəziyyət barədə etibarlı məlumat əldə etmək olduqca çətindir. Son 6 ildə jurnalistlər, yazıçılar və digər həqiqətpərəstlər susdurulub. Ukraynanın insan haqları üzrə QHT-ləri ifadə azadlığının pozulması ilə bağlı 369 iş sənədləşdirib; müstəqil KİV-lərin sayı təxminən 90 faiz azalıb; Ukrayna telekanalları və radio stansiyaları yayım hüququndan məhrum edilib və onlarla Ukrayna xəbər saytı bloklanıb. Bununla yanaşı, beynəlxalq mediaya giriş tamamilə istənilmir.

Ortaya çıxan mənzərə həyəcan siqnallarını səsləndirmək üçün kifayətdir. Krımdakı Rusiya işğalçı hakimiyyəti Krım tatarlarını fiziki təhdidə məruz qoyur, evlərinə basqın edir və qorxu mühiti yaradıb. İnsan haqları təşkilatları ən azı 1500 zorakılıq hadisəsini rəsmi şəkildə sənədləşdirib. Bu gün Krım-tatar icmasını hədəf alan siyasi təqib kampaniyası ilə yanaşı, Rusiya hakimiyyəti onların mədəni irsini və yaddaşını silməyə çalışıb.

Rusiya Krım tatarlarını niyə təqib edir?

2014-cü ilin fevralında Krımda nəzarəti ələ keçirmə əməliyyatı başlandıqdan bəri, Krım-tatar icması davamlı olaraq Kremlə qarşı çıxıb. Onların əksəriyyəti yarımadanın ilhaqını qanuniləşdirmək üçün Rusiyanın 2014-cü ilin mart ayında keçirdiyi “referendum”u boykot edib.

Krım-tatar mədəniyyətinin qorunması və təbliği ilə məşğul olan “Krım Evi”nin direktoru Alim Alıyev bu müxalifəti “Krımın işğalını qəbuletmə sağ əli kəsməkdir” şəklində şərh edib.

Krım tatarlarına hücum üçün yalançı hüquqi örtüyə ehtiyacı olan Rusiya hökuməti onları “terrorçu” və “ekstremist” kimi dəyərləndirib. 2016-cı ildə Rusiya Krım tatarlarının tarixi özünüidarəetmə orqanı olan Məclisi ekstremist təşkilat elan edib. Onlarla Krım tatarının “Hizbut-Təhrir” üzvü olduğu bildirilib.

Rusiya jurnalistlər, fotoqraflar və fəallar da daxil olmaqla, işğala qarşı çıxan Krım tatarlarına hücumlar edib. Bu qruplar “Krım Həmrəyliyi” hərəkatı yaradıb. “Freedom House”-un məlumatına görə, hazırda saxta ittihamlarla həbs olunan 10 jurnalist var.

Ukrayna hökuməti vətəndaşlarına qarşı repressiyalara necə reaksiya verib?

Bu il aprel ayında Ukrayna ilə Rusiya arasında sonuncu məhbus dəyişikliyinə bircə Krım tatarı daxil olmadıqda, Krım tatarlarının ailələri məyus olub. Bəzi icma üzvləri Ukrayna prezidenti Vladimir Zelenskidən, nəhayət, “onlarla danışmağı” xahiş edən onlayn flaşmob keçirib.

Rusiyanın Krım tatarlarını terrorçu kimi rəngləmə cəhdlərinə baxmayaraq, həbsdə olanların valideynləri, arvadları və yaxınları müqavimət göstərmə yolu seçiblər. Bu cəhdlərdə bir sıra tanınmış qadın fəal əsas rol oynayıb. Lütfiyə Zudiyeva ataları qanunsuz həbs edilən uşaqların hüquqları müdafiəçisidir. “Krım Uşaqlığı” QHT-nin koordinatoru və siyasi məhbus Seyran Saliyevin arvadı Müminə Saliyeva 2019-cu ildə Zudiyeva ilə birlikdə həmrəylik tədbirləri təşkil etdikdən sonra “ekstremist rəmzlərdən istifadə edərək təbliğat yaymaqda” ittiham olunur.

Krım tatarları indi ümidsiz şəkildə Ukraynada, Avropanın qalan hissəsi və dünyada müttəfiqlərə ehtiyac duyurlar. ABŞ və Avropa hökumətləri etiraf etməlidirlər ki, Rusiya ilhaq strategiyasının bir hissəsi olaraq Krım tatarlarının hüquqlarını amansız ləğv etməyə çalışır. Bütün dünyada insanlar hazırda Rusiya tərəfindən siyasi məhbus kimi saxlanılan çox sayda Krım tatarının müdafiəsində çıxış etməlidir.

Krım tatar icması bu həftə sovet deportasiyasının 76-cı ildönümünü qeyd edərkən, bütöv bir nəsil evdə terrora məruz qalma və ya sürgünə məcbur edilmə ilə üz-üzədir. Cəmiyyətin 2014-cü ildə qorxduğu kimi, tarix həqiqətən də təkrarlanır. Putin məsuliyyətə cəlb edilməli və XX əsr totalitarizmin ən qaranlıq fəsillərindən birinin qarşısı alınmalıdır./“Atlantic Council” tərcümə: strateq.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password