“Azərbaycan “V” formalı iqtisadi artım nümayiş etdirəcək” – Vüsal Qasımlı
“Beynəlxalq Valyuta Fondunun (IMF) verdiyi proqnozlara əsasən, bu il dünya iqtisadiyyatı 3% geriləyəcək. Demək olar ki, bütün ölkələrdə artıq resessiya başlayıb və Azərbaycanın müqayisə edilə biləcəyi ölkələr – Yaxın Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən ölkələri üçün də IMF-in proqnozlarına görə, bu il iqtisadi geriləmə 3,9% olacaq. Belə olan təqdirdə Azərbaycanla bağlı proqnoz ondan ibarətdir ki, bu il Azərbaycan iqtisadiyyatı 2,2% geriləyəcək”.
Bunu açıqlamasında İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycan koronavirusla daha effektiv mübarizə aparıb: “Gördüyünüz kimi biz həm orta dünya göstəricisindən, həm də ki, müqayisə oluna biləcəyimiz Yaxın Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən ölkələri ilə müqayisədə böhranla daha effektiv mübarizə aparmışıq ki, iqtisadiyyat daha az resessiyaya uğrayır, daha az geriləyir. Azərbaycan, ümumiyyətlə, Yaxın Şərq və Mərkəzi Asiyanın 11 neft-qaz ixrac edən ölkəsindən ən yaxşı vəziyyətdə olan 3 ölkədən biridir ki, koronavirus pandemiyası ilə mübarizədə daha effektiv bir mübarizə üsulunu ortaya qoyub”.
İcraçı direktor Azərbaycanın xarici borclanmaya getmədiyini də qeyd edib: “Niyə biz belə bir nəticə əldə etmişik? Çünki Valyuta Fondu, eyni zamanda Asiya İnkişaf Bankı (ADB) və digər mötəbər qurumlarda belə bir əminlik var ki, Azərbaycan iqtisadiyyatı digərlərinə nisbətən daha az resessiyaya uğrayacaq. Bu əminliyə keçməzdən əvvəl bir məsələni də vurğulamaq istəyirəm ki, indi ölkələr pandemiya ilə mübarizə şəraitində həm də iqtisadi artım bərədə fikirləşirlər və bu, ingilis əlifbasının hərfləri ilə işarə olunur. Məsələn, “U” hərfi – iqtisadiyyat düşəcək, adaptasiya olacaq və bərpa olunacaq, yaxud “L” hərfi – daha çox düşəcək, adaptasiyadan sonra qismən bərpa olunacaq, “W” hərfi ilə işarə olunanda – ziqzaqvarı iqtisadi artım dinamikasına malik ölkələr olacaq. Ən arzu olunan “V” hərfidir: iqtisadiyyat azalır və dərhal bərpa olunur. Hətta bu yaxınlarda “Nayk”ın (“Nike”) embleminə uyğun vergül şəklinə uyğun proqnozlar verilir. IMF-in, ADB-nin proqnozlarına əsasən, Azərbaycana ən uyğunu, hamının arzu etdiyi “V” formalı iqtisadi artım nümayiş etdirəcək.
Əlbəttə, birinci növbədə, Azərbaycan hökumətinin pandemiya ilə mübarizəyə mobiliziasiya etdiyi vəsait bu günə 3,5 mlrd manat təşkil edir və bu isə Azərbaycan ÜDM-nin 4,3%-ni təşkil edir. Əgər biz postsovet məkanı ölkələri ilə müqayisə etsək, görəcəyik ki, biz ÜDM-in daha böyük hissəsini pandemiya ilə mübarizəyə həsr edirik. Bu, bizim uğurumuzun ilkin şərtidir. İkinci çox vacib məsələ ondan ibarətdir ki, Azərbaycan pandemiya ilə mobilizasiya etdiyi büdcəni öz resursları hesabına həyata keçirir. Çünki dünyada 100-dən çox ölkə IMF, ADB, EBRD, Dünya Bankı və başqa maliyyə mənbələrinə müraciət edib xarici borc alırlar. Xarici borcun hesabına pandemiya ilə mübarizə büdcəsini formalaşdırırlar. Azərbaycan belə bir borclanmaya getmədən öz resursları hesabına mübarizəni aparır və bunun çox böyük üstünlüyü var”.