Əmlak bazarında böyük böhran: Yeni qiymətlər necə olacaq?
Koronavirus pandemiyasının zərər vurduğu sahələrdən biri də əmlak bazarıdır. Artıq bir neçə aydır ki, bu sahədə də durğunluq müşahidə edilir. Çünki karantin dövründə demək olar ki, ev alıb satmaq kiminsə yadına düşməyib. Lakin artıq karantin qaydaları yumşaldılıb. Yəqin ki, bu, müəyyən qədər əmlak bazarına təsir göstərəcək. Təsirin hansı istiqamətdə olacağı isə hələlik məlum deyil.
Məsələ ilə bağlı açıqlama verən əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib ki, hazırda bazarda aktivlik çox aşağı səviyyədədir:
“Aktivlik aşağı olduqda bazar qiyməti formalaşdıra bilmir. Ev alanlar çox azdır, həmçinin ev satmaqla bağlı fikrini dəyişənlər də var. Yəni karantin dövründə bazar şok vəziyyətinə düşüb deyə bilərik. Qiymətlər atılmış vəziyyətdə qalıb, karantindən qabaq necə idisə, hazırda da elədir, çox cuzi enmələr var”.
Ekspert qeyd edib ki, məntiqə əsasən, qiymətdə kifayət qədər enmə müşahidə etməliydik. Lakin bəzi faktlar buna mane olub:
“Məlumdur ki, karantin dövründə insanlar saatla bayıra çıxırdılar. Qiymətlər aşağı salınsa belə, heç kim gedib kirayə götürməyəcək. Yəni qiymət azaltmağın da bir fərqi olmayacaqdı. Tutaq ki, 400 manata kirayə verilən evin kirayə qiyməti 350 manata salınıb. Kim götürəcəkdi? Ona görə də bu dövrdə nə kirayə verən, nə də götürən oldu.
Həmçinin ev almaq istəyən karantin şərtləri ilə bağlı gedib evə baxa bilmirdi. Bazar donmuş vəziyyətdə idi. Martın ortalarından bugünədək bazarda heç bir dəyişiklik baş verməyib. Əslində, çox böyük dəyişiklik baş verib, sadəcə onları biz heç bir qaydada müşahidə edə bilməzdik”.
Rəşad Əliyev növbəti aylarda əmlak bazarında nə kimi dəyişikliklərin baş verəcəyini də diqqətə çatdırıb:
“Qiymətlərin hansısa bir istiqamətə getməsi üçün bazar aktivləşməlidir. Sözsüz ki, bu şəraitdə qiymətlər ancaq azalmaya doğru gedə bilər. Biz bazarın donu açıldıqdan sonra dəyişiklikləri müşahidə edəcəyik. Bir şeyi də qeyd edim ki, onsuz da hər il bu vaxt kirayə qiymətləri düşməyə başlayırdı, çünki tələbələrin dərsləri bitirdi və rayonlara gedirdilər. Həmçinin iqtisadiyyatda vəziyyət ürəkaçan deyil və yay mövsümü gəlir. Bu mövsümdə biz bağ evlərindən və kiçik torpaq sahələrindən başqa bütün seqmentlər üzrə qiymət enmələrini müşahidə edirik. Bu iki məsələ qiymətlərdə öz əksini tapacaq”./yenisabah.az/