Hikmət Babaoğlu: ABŞ-Azərbaycan münasibətləri yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir
ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir:
“Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlərdə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir.
ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində olduqca mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir”.
H.Babaoğlu bildirib ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir:
“Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq, bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, iki ölkə arasında münasibətlər bundan sonrakı mərhələdə də bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq”.