“Azərbaycan Ordusu təlimlərdə yeni silahları nümayiş etdirir” – General

“Bu gün Azərbaycan Ordusunda müxtəlif miqyaslı təlimlər keçirilir. Onların müəyyən hissəsi ictimaiyyətə göstərilir, ancaq bəzi birləşmələrin təlimləri gizlidir, oradan foto və video görüntülər yayılmır”. 

Bunu Azərbaycan Ordusunda keçirilən genişmiqyaslı təlimlər haqqında danışarkən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

O bildirib ki, Müdafiə Nazirliyi səviyyəsində keçirilən genişmiqyaslı komanda-qərargah təlimlərinin də bir hissəsi cəmiyyətə nümayiş olunur.General vurğulayıb ki, manqadan başlayaraq böyük birləşmələrə qədər bütün təlimlər planlı şəkildə təşkil edilir:

“Azərbaycan Ordusu yeni alınan silahları, hərbi texnikanı təlimlərdə nümayiş etdirir. Bunu da həm xalqımız, həm də düşmən görür. Hamıya bəlli olur ki, Azərbaycan Ordusu dayanmır, günü-gündən inkişaf edir. O ordu ki, yerində sayır, yeni silah, texnika almır, təlimlər keçirmir, həmin ordu zəifləyir. Məhz Azərbaycan Ordusuna aid olan əsas xüsusiyyət odur ki, hər il yeni silah, sursat, texnika alınır. Siz fikir verirsinizmi, hər hərbi paradda yeni silah və texnikalar nümayiş olunur. Yaxud da ermənilər ön xəttə hansısa silah yerləşdirəndə Azərbaycan tərəfinin ona 3-4 qat artıq cavabı olur. Hərbi sənaye komplekslərimiz bu işi gücləndirir, yeni texnologiyalara əsaslanan silah istehsal edir. Baxmayaraq ki, Azərbaycan kiçik ölkədir, ancaq dünya silah bazarına öz hərbi məhsullarını çıxarır. Hansı ki, orada iri dövlətlər mübarizə aparır. Azərbaycan dünya silah bazarında olan az sayda ölkələrdəndir”.

General-leytenant vurğulayıb ki, Azərbaycanda həm kifayət qədər səfərbərlik, həm də çağırış ehtiyatı var. Bu isə yüz minlərlə canlı qüvvə deməkdir: “Bizdən fərqli olaraq Ermənistan ordusunda belə ehtiyatlar yoxdur. Son on ilə nəzər salsaq görərik ki, Azərbaycan Ordusu xeyli sayda hərbi texnika ilə təmin edilib. Azərbaycan bu silah və texnikanın bir hissəsini özü istehsal edir. Bunlar yeni texnologiyalara əsaslanıb hazırlanır,  yəni modifikasiya silah və texnikası deyil, sonradan haradansa çıxarılmayıb. Bizim özümüzün istehsal etdiyimiz silahlarla yanaşı böyük dövlətlərdən silah və texnikalar, raketlər, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat vasitələri və s. alırıq. Azərbaycanın ən müasir silahlar almaq imkanı var.

Ordunun komplektləşdirilməsi barədə onu deyim ki, bu gün döyüş qabiliyyətini təyin edən birləşmələrin hamısının əsas heyəti gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçulardan ibarətdir, yəni peşəkarlardır. Buna isə dünyanın bir çox ölkəsi qadir deyil, çünki belə olması üçün külli miqdarda vəsait lazımdır”.

Ordudakı daxili intizamın vacibliyinə diqqət çəkən Y.Aydəmirov bildirib ki, hər bir ordu yüksək döyüş qabiliyyətinə, yüksək nizam-intizama malik olmalıdır. Onun fikrincə, buna qısa müddətdə nail olmaq mümkün deyil: “Azərbaycan Ordusunda yüksək nizam-intizam var. Biz bunu təmin etmişik. Ona görə ki, bizim genimizdə ailə dəyərlərinə, adət-ənənəyə, nizam-intizama əməl etmək mədəniyyəti var. Son illərdə həmişə işğal olunmuş torpaqlarımızı azad etməyə çalışmışıq. Hər bir Azərbaycan övladı fəxr edir ki, Azərbaycan Ordusunda xidmət edir. Bu gün ordu lazım olan vəsaitlə təmin olunur, bütün ehtiyacları ödənilir. 1990-cı illərdə ordunun maddi-texniki təminatı yox idi. Ac əsgərdən döyüşən əsgər olmaz deyiblər. Napaleonun belə bir sözü var: “Qələbə qazanmaq üçün pul, pul, pul!”. Pul da bizdə var”.(qaynarinfo.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password